Millət vəkili: “Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərinin sərəncamı vətəndaşlar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb” - MÜNASİBƏT

"Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərinin dünənki sərəncamı həmin təbəqədən olan insanlar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Bəxtiyar Əliyev Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib.

Deputat son zamanlar məcburi köçkünlərin kütləvi şəkildə məhkəmələrə cəlb edilməsi hallarının olduğunu vurğulayıb: "19-20 il məskunlaşdıqları yerdən məcburi köçkünləri çıxarmaq istəyən qüvvələr var. Mən hesab edirəm ki, hansısa qüvvələr narazılıq yaratmaq istəyirlər, görülən işlərə kölgə salmaq istəyirlər".

O bildirib ki, prezidentin sərəncamları, fərmanları var ki, məcburi köçkünlər məskunlaşdıqları yerdən çıxarıla bilməzlər. Millət vəkili qeyd edib ki, bu məsələlərə mütləq diqqət yetirmək lazımdır: "Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Vaxtilə Milli Məclisdə sərhədyanı bölgələrlə bağlı qanunun qəbulu məsələsi gündəmə gəlmişdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərin birinci mərhələsi başa çatıb. Əksər rayonlarda iş yerləri var. Ancaq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının ikinci mərhələsində bu məsələlər elə icra olunur ki, sərhədyanı bölgələrə gec gedib çatır. Ona görə də bu məsələlərə xüsusi diqqət etmək lazımdır".

Daha sonra millət vəkili Jalə Əliyeva çıxış edərək bildirib ki, bəzi rayonlarda Qarabağ müharibəsində iştirak edən insanların "Müharibə veteranı" vəsiqəsi alması hələ də problemdir. O bildirib ki, bununla bağlı təmsil olunduğu Zərdab rayonundan ona müraciətlər daxil olub: "Mənə müraciət edənlər deyirlər ki, Hərbi Komisarlıqdan elə sənədlər istənilir ki, onları almaq mümkün deyil".

Millət vəkili Milli Məcilisin rəhbərliyindən xahiş edib ki, bu məsələlərdə şikayətçilərə kömək göstərsin.

Bütün xəbərlər Facebook səhifəmizdə