“Baxışların sürətli qütbləşməsi gedir, hakimiyyətə inamsızlıq artır, məxməri inqilabın nəticələri təəssüf doğurur”
“Yeni hakimiyyət Qərblə deyil, Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq məsələsində nədənsə əvvəlki hakimiyyətlə rəqabət aparmaq qərarına gəlib. O hakimiyyət ki, xalqda sonsuz inam qazanmışdı, indi onu itirmək üzrədir”. SİA xəbər verir ki, bu barədə armenianreport portalının analitik bölməsində gedən məqalədə qeyd olunub.
Yazıda Amsular probleminə toxunularaq bildirilir ki, hara fırladılarsa belə, Amsular məsələsi artıq Ermənistanın siyasi həyatında böyük rol oynayıb.
“Biz yalnız xoş məqsədlər ifadə edən söz yığnağını eşitdik, başqa isə heç nə...”
“Baxışların sürətli qütbləşməsi gedir, hakimiyyətə inamsızlıq artır, məxməri inqilabın nəticələri təəssüf doğurur”, deyə yazılan analitik yazıda bildirilir ki, bütün bunlar əvvəlki hakimiyyətin devrilməsindən sonra spektiklər tərəfindən proqnozlaşdırılırdı. SİTAT: “Optimistlər iddia edirdilər ki, spektiklər yanılırlar. Lakin bəlli oldu ki, yanılanlar elə onların özləridir. Aydın olurdu ki, uzun illər yaradılan və möhkəmləndirilən sistemin əks fəaliyyəti güclü olacaq. O da məlum idi ki, bütün bu illər ərzində ölkəni idarə etmiş keçmiş sistemin əlində əvvəlki kimi nəhəng maliyyə resursları, eləcə də media və istənilən rolu oynaya biləcək qədər bütöv bir kütlə qalır ki, mövcud hakimiyyətin tənqidindən tutmuş digər bütün addımlara getməyə hazırdır. Ehtiyat olunurdu ki, həmin sistem əlində olan bütün vasitələrdən istifadə edərək, elə birinci fürsətdəcə spekulyasiyalara başlayıb ictimai rəydə ən böyük rezonans yaradacaq. Bunun baş verməməsi üçün yeni hakimiyyətdən tələb olunurdu ki, nəhəng iqtisadi islahatları həyata keçirsin, lakin bu baş vermədi. Biz yalnız xoş məqsədlər ifadə edən söz yığnağını eşitdik, başqa isə heç nə...”
Məqalədən də görünür ki, artıq erməni ictimai rəyində, eyni zamanda mediasında bu kimi təəssüflərlə bol olan yazılar, şərhlər, düşüncə və rəylər verilməkdədir. Bütün bunlar isə əbəs deyil. Nikol Paşinyanın reytinqi düşməkdə, Ermənistan isə iflas və süqut dərəsinə doğru sürətlə yuvarlanmaqda davam edir.
“Putin Rusiyası Azərbaycanla əməkdaşlığını artırır”
Bütün bunlarla yanaşı, sözügedən analitik təhlildə erməni müəllif digər məsələlərə də toxunub və sərt tənqidlərini davam etdirib. SİTAT: “Bütün bunlar baş verərkən, xarici siyasət arenasında da kütləvi uğursuzluqlar yaşandı, xüsusilə Qərblə münasibətlər məsələsində. Bununla yanaşı, bizə hər zaman Rusiya ilə “parlaq” münasibətlər barədə danışırdılar. Hansı ki, fəaliyyətində tamamilə başqa gözləntilər gözlənilən yeni hakimiyyət Qərblə deyil, Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq məsələsində nədənsə əvvəlki hakimiyyətlə rəqabət aparmaq qərarına gəlib. Bu, klassik “rus ruleti” idi”. Onun nəticələri proqnozlaşdırılmışdı”.
Daha bir maraqlı məqam erməni analitikinin Rusiyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməsi məsələsinə toxunmasıdır. “Putin Rusiyası Azərbaycanla əməkdaşlığını artırır, hər imkanda Mariya Zaxarovanın ya da digər rəsmilərin vasitəsi ilə Bakının ünvanına komplimentlər edilir”, deyə qeyd edilən yazıda o da bildirilir ki, sanki Kreml Azərbaycanın onlar üçün dünyanın neft-qaz bazarlarında rəqibi olduğunu anlamır, hansı ki, onunla başqa tonda danışmaq lazımdır”.
Yəni buradan da görünür ki, ermənilər Rusiyanın onlardan üz döndərdiyini yaxşı anlayırlar və indi də sırf erməni məkrindən çıxış edərək, Rusiyaya eyham vururlar ki, Azərbaycan yuxarıda qeyd edilən bazarlarda onun rəqibidir və Azərbaycanla sərt tonda danışmalıdır. Lakin fakt budur ki, Azərbaycanla heç bir qüvvə sərt tonda danışa bilməz və Rusiya tərəfi də yaxşı anlayır ki, ölkəmiz onlar üçün istər strateji, istər iqtisadi, istərsə də hərbi baxımdan əməkdaşlıq məsələsində önəm kəsb edir. Məhz erməniləri qorxudan amillərdən biri də budur.
Köhnə sistemin bütün nümayəndələri fəallaşıblar, hansı ki, məğlub olmayıblar və revanşa susayıblar
Sözügedən məqalədə Kremlin tənqid olunmasından sonra yenidən mövcud hakimiyyətin uğursuzluqlarına toxunulub və bildirilib ki, hakimiyyət Putinin növbəti şantajı altındadır. “Biz artıq Putin tərəfindən gözlənilən şantajı görürük. Belə ki, o Robert Koçaryanı həbsxanada ziyarət etmək istəyir. Təbii ki, Putin-Koçaryan planının realizəsi maliyyələşdirilmiş fəallar tərəfindən icra edilir. O da təbiidir ki, həmin sistemin bütün nümayəndələri fəallaşıblar, hansı ki, məğlub olmayıblar və revanşa susayıblar. Bütün bunlar məhz belə proqnozlaşdırılmışdı!”
“O hakimiyyət ki, xalqda sonsuz inam qazanmışdı, indi onu itirmək üzrədir”, deyə yazılan analitik yazıda artıq belə bir inam formalaşıb ki, mövcud hakimiyyətin tərəfdarları baş verənləri nə qədər inkar etsələr də, artıq gözlənilənlər baş verir. SİTAT: “Zaman onlar üçün geriyə işləməyə başlayıb. Saat əqrəblərinin əks istiqamətə qaçış sürəti daha da artıb – Nikol Paşinyanın Amsular məsələsindəki mövqeyi səbəbindən. Nikol o tərəfdə dayanmadı.Hər kəs gözləyirdi ki, o xalqın tərəfini qəbul edəcək. Çünki açıq şəkildə məlumat verilmişdi - Amsular yatağında müəyyən qədər uran tapılıb, radioaktiv elementlər isə həm insan sağlamlığı üçün nəhəng riskdir, eyni zamanda, geniş coğrafi diapazonda ətraf mühit üçün də təhlükəlidir. İnsanların etiraz aksiyaları da oldu. Lakin Paşinyan öz yolunu seçdi. O, onu hakimiyyətə gətirən xalqın əksinə getdi. O, cəmiyyət arasında parçalanma yaratdı. O, öz sonunu tezləşdirdi.”
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB