PKK-dən qaçaraq Türkiyənin təhlükəsizlik güclərinə təslim olan Nadir C. adlı terrorçu terror təşkilatının son 25 ildəki 31 terror aktını və iştirakçıların adlarını açıqlayıb. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, ümumilikdə 610 terrorçunun axtarışı ilə bağlı qərar verilib.
Şimali İraqdakı Zap düşərgəsindən qaçan Nadir C. 17 il əvvəl qatıldığı təşkilatda "batalyon komandiri" vəzifəsinə qədər yüksəlib. Təşkilatın gizli məlumatlarını əldə edə bilən Nadir C.-in sevgilisi Növün C. də onunla qaçıb. İki terrorçu Elazığda təslim olduqdan sonra Malatyada xüsusi səlahiyyətli respublika prokuroruna ifadə verib. Terror aktlarının reallaşdırıldığı bölgələrdəki xüsusi səlahiyyətli baş prokurorluqlara sənədlər göndərilərək məlumat verilib. Diyarbəkr, Malatya, Ərzurum, Van, Adana və İstanbul xüsusi səlahiyyətli respublika baş prokurorluqları da hücumlarda iştirakı müəyyən olunan 610 PKK-lı haqqında axtarış qərarı çıxarıb.
Cütlük Dağlıca və Aktütün basqınları ilə bağlı da informasiya verib. Məlumata görə, hər iki hücumun qərarı da PKK Hərbi Şurasının toplantısında qəbul olunub. Dağlıcaya 187, Aktütünə isə 153 terrorçu hücum edib. Təslim olanlar Diyarbəkr həbsxanasının keçmiş rəhbəri Esat Oktay Yıldıranın öldürülməsi, Tuncelidə 6 müəllimin dövlət casusu olması səbəbi ilə qətl edilməsi, Çuxurda 9, Siirtdə 8 əsgərin öldürülməsi kimi hücumların iştirakçıların adlarını da tək-tək açıqlayıb. Eyni zamanda İnqilabçı Qərargah adlı təşkilat idarəçilərinin Dəməşqdəki PKK düşərgələrində aldığı hərbi təhsil, istifadə etdikləri silahlar, fəaliyyət sahələri, adları və kod adları da deşifrə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə