ATƏT PA-nın qış sessiyasında iştirak etmək üçün nümayəndə heyətimiz bu gün Vyanada olacaq

ATƏT PA-nın qış sessiyasında iştirak etmək üçün nümayəndə heyətimiz bu gün Vyanada olacaq
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün bu gün Avstriyanın Vyana şəhərində səfərdə olacaq. Bu barədə SİA-ya Parlamentin mətbuat xidmətindən məlumat verilib.

Parlament nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Sessiyanın işində 55 ölkədən 250-dək parlamentarinin iştirakı gözlənilir.Tədbirdə parlamentin vitse-spikeri Bahar Muradovanın başçılığı ilə xüsusi qonaq statusunda TÜRK PA-nın nümayəndə heyəti də iştirak edəcək.
Sessiya zamanı parlament nümayəndə heyəti Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə üç ümumi komitənin iclaslarında iştirak edəcək. Tədbirlərdə immiqrasiya, inteqrasiya və çoxmilli dialoq, Yaxın Şərqdə, Belorusda vəziyyət, son aylarda Misir və Tunisdə baş vermiş hadisələr barədə müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin müavini Bahar Muradovanın Avstriya Milli Şurasının sədr müavini Fritz Neugebauer, ATƏT PA-nın Vyanadakı ofisinin xüsusi nümayəndəsi Andreas Notel və bir sıra digər rəsmi şəxslərlə, bu ölkə parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, həmçinin avstriyalı deputatlarla görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Səfər fevralın 26-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə