Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentinada rəsmi səfərdədir

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentinada rəsmi səfərdədir. Azərbaycanın Argentinadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, cari ilin 21 fevral tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə Argentinaya səfəri başlayıb. Argentinada dövlət gəlirlərinin yığımı və nəzarətinə məsul olan AFİP-ə gömrük, vergilər və sosial təminat kimi üç xidmət daxildir.

 

Səfərin ilk günü A.Əliyev Argentina Gömrük Xidmətinə gələrək burada ölkənin gömrük orqanlarının rəhbərləri ilə fikir mübadiləsi aparıb. Görüşdə həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçdiyi tarixi yol və fəaliyyətinə dair film nümayiş olunub. Sonra A.Əliyev Argentina Gömrük Xidmətinin rəhbər heyətinin müşayiəti ilə Buenos-Ayres portunun gömrük terminalına gəlib və terminalın fəaliyyəti ilə tanış olub.

 

Səfər çərçivəsində iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması, "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərginin və Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş kitabların təqdimatının keçirilməsi, həmçinin Argentinanın hökumət, ictimai və işgüzar dairələrində görüşlər nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə