"Azərbaycan ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir" ÖZƏL-MÜNASİBƏT

"Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidenti İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır: "Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir.

Azərbaycanda illərdir sistemili şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın yüksəlişini təmin edib. Xatırlayırıq ki, hələ qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı öz sabitliyi ilə seçildi və həmin prosesdən demək olar ki, zərər çəkməyən azsaylı dövlətlərdən olduq. Bunun arxasında isə illərdir düzgün istiqamətlənən dövlət siyasəti dayanırdı. Bu gün respublikamız rəqabət qabiliyyəti kifayət qədər yüksək olan iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Azərbaycan hətta ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir. Bütövlükdə, son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. Sevindirici haldır ki, artıq ildən-ilə ölkəmizin gəlirlərindən qeyri-neft sektorunun payı artmaqdadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə