Azərbaycan Tələbələr Birliyinin sədri Macarıstan prezidenti ilə görüşüb

Azərbaycan Tələbələr Birliyinin sədri Macarıstan prezidenti ilə görüşüb

Azərbaycan Tələbələr Birliyi Avropadakı tələbə hərəkatına aktiv şəkildə dəstək verməkdə davam edir. Bu sahədə Birliyin Avropa Tələbələr Birliyinə tam hüquqlu üzv olması böyük rol oynayır.

SİA-nın xəbərinə görə, 15-19 fevral 2011-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində 21-ci Avropa Tələbələr Konvensiyası keçirilib. Konvensiyada ölkəmizi Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Birliyin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov təmsil edib.

Konvensiyanın əsas mövzusu "institusional, beynəlxal və milli səviyyədə ali təhsildə tələbə iştirakçılığı üçün imkanlar və problemlər" olub. Konvensiyada Avropanın bütün ölkələrindən 100-ə yaxın tələbə iştirak edib. Konvensiyada Azərbaycan Tələbələr Birliyi fəaliyyəti də digər ölkələrdən olan milli tələbə birlikləri tərəfindən yüksək qiymətləndirilib. Əsas olaraq Azərbaycan Tələbələr Birliyinin "Azərbaycanda tələbə hüquqlarının təbliği" adlı layihəsi daha çox bəyənilmiş və Avropa Tələbələr Birliyi tərəfindən digər ölkələrdəki tələbə birliklərinə tövsiyyə olunub.

Konvensiyanın sonuncu günü Macarıstan prezidenti Pal Şmitt tərəfindən hər bir ölkənin tələbə liderləri qəbul edilib. Macarıstan prezidenti ilə keçirilən görüşdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov iştirak edib.

Prezident tələbə liderlərinə öz işlərində müvəfəqiyyətlər arzulamış, onların gələcəkdə həm öz ölkələri, həm də Avropa üçün çox böyük işlər edə biləcəklərinə əmin olduğunu bildirib.

Daha sonra Pal Şmitt hər bir ölkənin tələbə liderləri ilə ayrılıqda maraqlanmış və onlarla söhbət edib.

Konvensiyanın sonuncu günü Budapeşt Deklarasiyası qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə