Elşad İsgəndərov: “Xocalı soyqırımı ilə bağlı Haaqa Məhkəməsinin qərarı üçün ilk növbədə siyasi əsaslar hazırlanmalıdır”

Elşad İsgəndərov: “Xocalı soyqırımı ilə bağlı Haaqa Məhkəməsinin qərarı üçün ilk növbədə siyasi əsaslar hazırlanmalıdır”

Xocalı soyqırımı ilə bağlı Haaqa Məhkəməsinin qərarı üçün ilk növbədə siyasi əsaslar hazırlanmalıdır. SİA-nın məlumatına görə, bu sözləri Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov jurnalistlərə açıqlamasında bildirib.

 

İslam Konfransı Təşkilatında (İKT) xarici işlər nazirləri səviyyəsində belə bir siyasi qərarın qəbul olunduğunu bildirən E.İsgəndərov bildirib ki, qərarın İKT dövlət başçıları toplantısında da qəbuluna çalışırlar: "Soyqırım məsələsinə BMT-nin qərarı ilə yaranan xüsusi məhkəmələrdə baxılır. Bu qərar siyasi xarakter daşıyır, o məhkəmədə təmsil olunan ölkələr və ya onların nümayəndələri siyasi iradəyə tabedirlər. Kampaniyanın məqsədlərindən biri soyqırım ilə bağlı hüquqi sübutların toplanması və təhrif olunmuş məlumatların ifşa olunmasıdırsa, digər ana xətti hadisəyə ədalətli qiymət verilməsi üçün siyasi əsas qurmaqdır. 57 üzvü olan İKT-də Xocalı soyqırımı ilə bağlı siyasi qərarın qəbulu 190-dan artıq üzvü olan BMT-də belə bir qərarın qəbuluna təsir edə bilər. Hərtərəfli bir hesabatın hazırlanmasına ehtiyac var. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində onlayn və digər formalarda müraciətlər imzalanır. Bu il həmin müraciətlər Beynəlxalq Haaqa Tribunalına təqdim olunacaq. Haaqa Tribunalı Xocalı faciəsinə hüquqi qiymət verilməsi baxımından böyük önəm daşıyır. Məhkəmənin qərarı bu məsələyə son nöqtə qoyula bilər".

 

Qeyd edək ki, 1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə