Xalq AXC-Müsavat iqtidarını niyə lənətləyirdi? ANALITIK

Xalq AXC-Müsavat iqtidarını niyə lənətləyirdi? ANALITIK

Yaxud, tarix unutmur, unutdurmur!

1993-cü ilin may ayının 25-də Əbülfəz Elçibəyin hüquq-mühafizə orqanları işçiləri ilə keçirilən müşavirədəki sözləri bundan sonra hələ uzun illər danışılacaq, mövzu predmeti olacaq. Çünki bundan artıq sübuta, bundan artıq dəlilə də ehtiyac yoxdur ki, AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqının və dövlətinin başına açdığı oyunlardan danışasan. Müharibə aparan respublikada xaos və anarxiyanın, özbaşınalıqların tüğyan etdiyi bir zamanda hakimiyyətdə olanların çirkin əməlləri o qədər çox olub ki, həmin əməllər barədə aylarla, illərlə danışsan belə bitib-tükənməz. 26 ildir ki, müxalifətdə olub, yenidən hakimiyyətə iddialı kimi çıxış etmək isə, sadəcə həyasızlığın son həddidir.

Əli Kərimli hakimiyyəti mafioz qüvvələrə bu cür transfer etmişdi

Bu gün özünü Elçibəyin davamçısı kimi təqdim edən, lakin ona və ətrafına arxadan zərbə vurub, xəyanət edən, yaratdığı “Yurd” qruplaşması vasitəsi ilə AXCP-ni işğal edib-parçalayan Əli Kərimlinin həmin müşavirədə dövlət katibi statusunda etdiyi etiraf isbat edir ki, onların hakimiyyətləri hətta o qədər zəif və naşı olub ki, ölkəni iqtidar deyil, mafioz qüvvələr idarə edir. SİTAT: “Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir”.

Məgər, bu ifadənin özü sübut etmirmi ki, hakimiyyətin bütün rıçaqları əlində ola-ola həmin hakimiyyətə yiyə, sahib çıxmağı bacarmadığını etiraf edirsən? Yaxud, bütün bunlardan sonra yenidən hakimiyyətə iddialı olduğunu qırmızı-qırmızı bəyan edərkən, 26 il bundan öncəki etiraflarını xatırlamaq bu qədərmi çətindir Ə.Kərimli?!

Baş prokuror dövlət katibini korrupsiyada ittiham edib

Biz, burada AXC-Müsavat iqtidarının baş prokuroru olmuş İxtiyar Şirinin Elçibəyə və Ə.Kərimliyə xitabən dediklərini də xatırlaya bilərik. SİTAT: “İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır”.

Diqqət yetirin, Ə.Kərimli mafioz qüvvələrin ölkəni idarə etdiyini bildirir və baş prokuror dövlət aparatını korrupsiyada ittiham edir. Bax, bu idi bu gün hakimiyyətə gəlmək iddiasında olanların iqtidarı!

Eləcə də, digər nazirlərin və dövlət adamlarının dediklərinə diqqət yetirək:

Ədliyyə naziri: "Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb”.

Gömrük Komitəsi sədri: "Xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir”.

Ali Məhkəmə sədri: "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir” və s.

Əbülfəz Elçibəy: “Gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq”

İndi isə, əsas mətləbə - prezident Əbülfəz Elçibəyin dediklərinə keçid alaq. O, baş prokurora xitabən bunları demişdi. SİTAT: “Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz bu yolla axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik hamınız yaxşı bilin. Bu xalq əgər azadlıq və demokratiya uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük ipmeriyadan canını qurtara bilirsə, gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?”

İxtiyar Şirin: “Rüşvətxorluqla məşğul olan dövlət aparatı rüşvətxorluqla mübarizə apara bilməz və biz bu məsələnin həllini dövlətdən başlamalıyıq”

Baş prokuror: Sizin narazılığınız çox haqlıdır. Bu, nəinki sizi, bütün xalqımızı narahat edir. Və mən hesab edirəm ki, şübhəli danışmaq lazım deyil. Açıq danışmaq lazımdır. Respublikamızda rüşvətxorluğun belə tüğyan etməsi, bu cür baş alıb getməsi hüquq-mühafizə orqanlarının özünün həmin hallara şərait yaratması nəticəsində baş vermişdi. Dövlət aparatında, hüquq-mühafizə orqanları arasında rüşvətxorlar həddindən artıq çoxdur. Bunu açıq qeyd etmək lazımdır və biz hələ də belələrinə qarşı mübarizə aparmaqda zəiflik göstəririk. Nə qədər ki, dövlət aparatında sağlam əhval-ruhiyyə yaratmamışıq, nə qədər ki, dövlət aparatında, o cümlədən hüquq-mühafizə orqanlarında rüşvətxorları ifşa edib kənarlaşdırmamışıq, belə şərait davam edəcəkdir. Dövlət aparatı özü iflic vəziyyətindədir, daha doğrusu, özü rüşvətxorluqla məşğul olur. Ona görə də rüşvətxorluqla məşğul olan dövlət aparatı rüşvətxorluqla mübarizə apara bilməz və biz bu məsələnin həllini dövlətdən başlamalıyıq.

Elçibəy: Sən söz verirsən ki, Azərbaycanın nefti gedib Ermənistanın əlinə çatmayacaq? Azərbaycanda rayonlarda benzin yoxdur ki, avtobuslar işləsin. Camaat ata-anamızın qəbrinə söyür.

Dövlət vəzifələrində oturanların ucuz statusları...

Beləliklə, bütün bu faktlar yenicə müstəqillik əldə etmiş Azərbaycan respublikasının məhvi prosesinin sürətlənməsinə doğru istiqamət aldığını kifayət qədər sübut edən faktorlardandır. Ölkənin separatçı qüvvələr tərəfindən parçalanması, hümbətovçuların bir tərəfdən, sadvalçıların digər tərəfdən ac çaqqallar tək hücum çəkməsi, Surət Hüseynovun hərbiləşdirilmiş reket dəstələri, İsgəndər Həmidovun boz qurdçularının özbaşınalıqları, boz pencəklilərin silahlı hədələri, Rəhim Qazıyevin silah-sursat ticarəti bir tərəfdən, Ermənistanın isə torpaqlarımızı işğal etməsi prosesi isə o biri tərfədən ölkəmizin tari-mar olmasına münbit şərait yaratmışdı.

Bu da son deyil. Əgər biz həmin vaxt hakimiyyətdə olanların təcümeyi-hallarını da nəzərdən keçirsək, bu zaman AXC-Müsavatın birillik iqtidarlarının nə qədər naşı komandadan ibarət olduğunu növbəti dəfə xatırlamış olarıq. Misal üçün, parlamentin sədri İsa Qəmbər kiçik elmi işçi - laborant idi, 11 il ərzində hətta kiçik bir dissertasiyanı belə müdafiə edə bilməmişdi. Baş nazir Pənah Hüseyn əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu, bazar adamı idi. Belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun miqyası üçün olduqca ağır idi. Adi fizika müəllimi olmuş müdafiə naziri Rəhim Qazıyev Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynadı. Onun rəhbərlik etdiyi ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək parlament sədri və prezidentə meydan oxuyurdu. Daxili işlər naziri İsgəndər Həmidov canlı efirdə söyüş söyərək, bir müxalifət nümayəndəsini döymüş, buna görə heç bir məsuliyyət daşımamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş – iyunun 4-ə, Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi. Xarici işlər naziri Tofiq Qazımov Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən kiçik elmi işçisi idi və belə mühüm vəzifəyə təyin edilmişdi. Yeni müstəqil ölkənin diplomatik korpusu da özü kimi təcrübəsiz, texniki sahələrdə çalışan kiçik elmi işçilərdən formalaşdırmışdırmışdı. Məhz bu cür komandanın idarə etdiyi ölkədə baş verənlər o qədər də təəccüblü deyil.

Elçibəy prezident olsa da, ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi

Başqa tərəfdən, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni "bəylər” tərəfindən məşuqələrinə ərməğan edilmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış "ekologiya polisi”, "bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində "reket” fəaliyyətlə məşğul idilər. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı.

Dövlət postunu tutan Ə.Kərimlinin nəzarətində olan çoxsaylı media qurumları baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Elçibəy prezident olsa da, ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Belə daxili didişmələr eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində cəmi 1 il hakimiyyətdə qala bildilər. Lakin bu dövr Azərbaycanlın yeni tarixinin ən faciəli dövrü idi və nəticədə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.

Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz bu dahi şəxsiyyətin, böyük azərbaycanlının qayıdışıdır!

Məhz 15 iyun 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xilas oldu. Çünki xalq anlayırdı ki, yeganə çıxış yolu məhz bu dahi şəxsiyyətin, böyük azərbaycanlının qayıdışıdır. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı və bugünün güclü, qüdrətli, nüfuzlu Azərbaycanı Onun – Heydər Əlirza oğlu Əliyevin şah əsəridir. Öz ölkəsini sevən, Vətəni, dövlətçilik maraqları uğrunda canını hər an fəda edə biləcək hər bir azərbaycanlı bu reallığı dərk edir və əlbəttə ki, keçmişini də unutmayaraq, yalnız uğurlu gələcəyinə doğru inamla addımlayır!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə