Natiq Cəfərli: “Tüpürüm belə siyasətə”
Son vaxtlar müxalifət düşərgəsinin demək olar ki, bütün cinahlarında kəskin qarşıdurmalar yaşanmaqdadır. Belə qarşıdurmalardan biri də artıq neçə müddətdir ki, “REAL” partiyası və “Milli Şura” arasında yaşanmaqdadır. Xüsusilə, realçı funksioner Natiq Cəfərlinin sosial şəbəkələrdə yayımlanan canlı yayımlara qatılaraq, ənənəvi müxalifət rəhbərliyini kəskin şəkildə ittihamlara məruz qoyması nəticə olaraq, həm “Milli Şura”, həm də bu qurumu demək olar ki, idarə edən AXCP tərəfdarlarını hiddətləndirib. Söyüş və təhqirlər bütün mənalarda həddini aşıb, “REAL” partiyasının rəhbərliyi hədəfə alınıb. Eyni zamanda, realçıları hakimiyyətə işləməkdə, xəyanət etməkdə suçlayan qarşı tərəfin iddidlarına dərhal reaksiya verilib.
Sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var...
Yəni cərəyan edən sözügedən olaylarla bağlı N.Cəfərli “Facebook” vasitəsi ilə onu və partiyasını söyənləri cavabsız qoymayıb. O, bildirib ki, “Milli Şura” onun şəxsinə və REAl-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb: “Fikri olub beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa “Milli Şura” rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşqnən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar”.
Musavat partiyası 2013-cü ildə “Milli Şura”dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar
“REAL” partiyasının icraçı katibi ümumiyyətlə, “Milli Şura” və AXCP rəhbərliyinin hər zaman onların fikirlərini bölüşməyənləri düşmən elan etdiklərini xatırladıb və xüsusilə, 2013-cü ildə İsa Qəmbərin başqanlığı zamanı Müsavat partiyasının “Milli Şura”nı tərk etməsini xatırladıb. “Musavat partiyası 2013-cü ildə “Milli Şura”dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar”, deyə qeyd edən “REAL” funksioneri daha bir məqama da toxunaraq bildirib ki, zaman-zaman bir çox siyasi partiyalar “Milli Şura”-AXCP cütlüyündən imtina edib, bu fakt isə həmin təşkilatların zəifləməsi ilə nəticəsini tapıb: “...Hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar...Bu o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli beyinləri yoxdur”.
Daha bir maraqlı məqam N.Cəfərlinin ənənəvi müxalifətin populizm xəstəliyinə malik olmaları barədə dediyi sözlərdir. O, belə bir amilin siyasətə yaramadığını bildirib: “Mən belə məsuliyyətsiz və populist ola bilmirəm - siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə”.
Gültəkin Hacıbəyli “REAL”a üzv olmaq istəyib?
Yeri gəlmişkən, N.Cəfərli ona qarşı sosial şəbəkədə status yazan G.Hacıbəylini də hədəfə almağı unutmayıb. Onun sözlərinə görə, G.Hacıbəyli hətta bir zamanlar “REAL”a üzv də yazılmaq istəyibmiş və bunu debata çıxarsa, sübut etməyə hazırdır: “Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nədən “REAl”a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.
Beləliklə, vəziyyətin nə qədər gərgin olduğu göz önündədir və bu gərginlik get-gedə daha da qızışmaq üzrədir. Artıq necə deyərlər, tərəflər bir-birlərini məhv etmək üçün açıq-aydın meydan oxumağa başlayıblar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB