Təhmasib Novruzov: “Əli Kərimlinin, bütün fəaliyyəti qanunlara və milli maraqlara ziddir” RƏY-ÖZƏL

Təhmasib Novruzov: “Əli Kərimlinin, bütün fəaliyyəti qanunlara və milli maraqlara ziddir” RƏY-ÖZƏL

“Əli Kərimlinin, ümumiyyətlə bütün fəaliyyəti qanunlara və milli maraqlara ziddir”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, sadəcə olaraq, indiyə kimi olan fəaliyyətini müxalifliklə, demokratiyanın tələbləri ilə əlaqələndirməyə çalışırdılarsa, indiki addım nə demokratiyanın tələblərinə uyğundur, nə də beynəlxalq hüquq normalarına: “Təxribatın, ölkə daxilində pozuculuq fəaliyyətinin, insanlar arasında qarşıdurma yaradılmasının sonu daha dəhşətli qanun pozuculuğuna – terrora aparıb çıxara bilər. Belə ki, niyyətlərini reallaşdırmaq məqsədilə bu üsullara əl atılırsa, bundan da bir nəticə əldə edə bilmədikdə növbəti və yenə növbəti addımlar gəlir ki, bu da son nəticədə ölkə daxilində arzuolunmaz vəziyyətin yaranmasına, insanların bir-birinə daha aqressivliyinə, qisas hissinin artmasına yol açır. Əslində Əlini və onun kimilərini maliyyələşdirən qüvvələrin nail olmaq istədikləri də məhz budur. Azərbaycandakı stabillikdən, xalq-hakimiyyət etimadından, bunun da nəticəsində sürətli inkişafdan hədsiz əndişə keçirən həm xarici, həm də daxili qüvvələrin istədikləri bütün bunlara mane olmaq, ölkəni xaosa, dərəbəyliyə sürükləmək, inkişafına mane olmaqdan ibarətdir. Təbii ki, el arasında deyildiyi kimi, ilanı yuvasında boğmaq gərəkdir. Hesab edirəm ki, ölkənin hüquq-mühafizə orqanları artıq qanunların tələbinə uyğun olaraq ciddi addımlar atmalıdır. Çünki, ölkədə belə fəaliyyətin qarşısı vaxtında alınmazsa, onun fəsadları arta, nəticədə düşmənlərin dəyirmanına tökülən su çarxın pərlərini işə sala bilər. Zənnimcə, artıq qərbin bizə nə deyəcəyindən, beynəlxalq qurumların hansı reaksiyanı verəcəyindən asılı olmayaraq Azərbaycan naminə bu addımlar atılmalıdır. Radikalların çıxışlarında kifayət qədər qanuna zidd çağırışlar, böhtan, şər, bəzi hallarda təhqirlər var ki, bunların hamısı demokratiyanı hörmətdən salmaqla yanaşı ciddi hüquqi məsuliyyət yaradır. İstərdik ki, qanunlarımızın tətbiqi gecikməsin və hər kəs əməlinə görə qanun qarşısında cavab versin”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə