"Xalqın həyat səviyyəsi gündən-günə yaxşılaşır" ÖZƏL-ŞƏRH

"Xalqın həyat səviyyəsi gündən-günə yaxşılaşır" ÖZƏL-ŞƏRH

"Bir il ərzində iki dəfə pensiyaların və əməkhaqlarının artması təbii ki, ölkə iqtisadiyyatının inkişafı ilə bağlıdır. Dövlət başçısı istəyir ki, ölkə vətəndaşları yaxşı yaşasın, sosial rifahları yüksəlsin. Buna görə də əməkhaqlarının, pensiyaların, müavinətlərin artması birbaşa vətəndaşın sosial vəziyyətinə müsbət təsir göstərir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək: "Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, hərbi və hüquq mühafizə orqanlarında çalışanların əməkhaqlarının 20-50 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması bu cür artımların real dəyərinin yüksək olmasına imkan yaradacaq. Yəni bu artımlar davamlı xarakter almışdır və dövlət büdcəsinə əlavə vəsaitlər gəldikcə gələcək dövrdə də biz yeni artımların şahidi olacağıq. Bu bir daha onu deməyə imkan verir ki, cənab Prezidentin apardığı siyasətin təməlində vətəndaşın rifahının yaxşılaşdırılması dayanır. Fikrimcə, son 16 ildə vətəndaşlarımızın rifahı kifayət qədər yaxşılaşmışdır. İnfrastrukturun və xidmətlərin müasirləşməsi, əhalinin pul gəlirlərinin mütəmadi olaraq artması insanların sosial rifahını yaxşılaşdırmışdır. Ölkəmiz yad ünsürlərdən qorunduqca, ölkə başçısının müəyyənləşdirdiyi siyasi kurs uğurla icra olunduqca , vətəndaşlar dövlət başçısının yanında daha da sıx birləşdikcə ölkəmiz daha inkişaf edəcək. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən-günə yaxşılaşır. Azərbaycanı daha firavan gələcək, həmvətənlərimizi isə daha yüksək rifah gözləyir.

Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratdı. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin birinci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə