Ermənistan tələb qarşısında və çox çətin durumda

Ermənistan tələb qarşısında və çox çətin durumda

Super güclər Ermənistana qarşı tələb irəli sürüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bir müddət əvvəl ABŞ hökuməti Ermənistan hakimiyyətindən Suriyadan hərbi kontingentin çıxarılmasını tələb edib və bu barədə "168 Jam" qəzeti də öz mənbələrinə istinadən yazı dərc edib.

Yazıda qeyd olunur ki, Ermənistanın müdafiə və xarici işlər nazirlərinin və bəzi səfirlərin iştirakı ilə bir müddət əvvəl qapalı müzakirə keçirildiyi barədə mətbuatda bir xəbər yayılıb. Əlbətdə ki, Xarici İşlər Nazirliyi nazirlərin görüşü faktını təkzib edib, lakin mediada yayılan məlumatlara görə, görüşün mövzusu Suriyaya qoşunların göndərilməsi olub ki, bu da ABŞ hakimiyyəti tərəfindən mənfi qəbul edilir.

Maraqlıdır ki, ABŞ-ın bu “mesajı” Ermənistan hakimiyyətinə 12-13 avqust 2019-cu il tarixlərində, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfərindən dərhal sonra verilib. Yayılan məlumata görə, N. Patruşev kontingentin sayını artırmağı təklif edib.

"168 Jam" qəzetinin mənbələrinə görə, ABŞ bu narazılığını Ermənistanın BMT-dəki səfiri Mqer Marqaryan vasitəsi ilə Ermənistan hakimiyyətinə çatdırıb və Suriyada erməni hərbi kontingentinin olmasının Ermənistan-Amerika münasibətlərinə mənfi təsir göstərdiyi vurğulanıb. Eyni mənbələrə görə, ABŞ-ın müvafiq strukturları da qeyd edib ki, kontingent geri qayutarılmazsa, nəticələr yalnız münasibətlərə mənfi təsirlə bitməyəcək.
Diplomat-elçi bu mesajı Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zohrab Mnasakanyan ilə müzakirə edib və göründüyü kimi sonuncu ABŞ-a nə cavab verə biləcəyindən narahatdır.
Diplomatla müzakirə zamanı hər iki nazirin bu vəziyyətdən necə çıxmağı ən azından başa düşməyə çalışması anlaşılandır. Çünki, hər iki halda, Ermənistanın bir tərəfdən Rusiya ilə, digər tərəfdən ABŞ ilə problemləri ola bilər. Eyni mənbələrə görə, Müdafiə naziri David Tonoyan kontingentin geri alınması tələbinə qəti şəkildə etiraz edib.

Nikol Paşinyanın bundan sonra nəyə qərar verəcəyi, Rusiya və Amerika tərəflərinin tələbinə necə cavab verəcəyi hələ məlum deyil. Nəşr onu da xatırladır ki, Ermənistan bayrağı altında hərbi kontingentin Suriyaya göndərilməsindən sonra istər müxalifət nümayəndələri, istərsə də ekspertlər belə xarici siyasətdə problemlərin artacağı barədə xəbərdarlıq da etmişdilər. İndi Ermənistan sözün həqiqi mənasında tələb qarşısında və çox çətin bir durumda qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə