Əli Həsənov: “Azərbaycanda müstəqilliyin əldə olunmasının ən böyük uğuru dünyəvi dövlətin qurulmasıdır” - MÜNASİBƏT

Əli Həsənov: “Azərbaycanda müstəqilliyin əldə olunmasının ən böyük uğuru dünyəvi dövlətin qurulmasıdır” - MÜNASİBƏT

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Cəmiyyət və din" mövzusunda dəyirmi masa keçirilib. SIA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın tədris işləri üzrə prorektoru Əlikram Abdullayev müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb.

Prorektor qeyd edib ki, ölkəmiz cəmiyyət və din münasibətlərinin ən ahəngdar olduğu məkan kimi tanınır. Dünyada dini zəmində son vaxtlar baş verənlərə Azərbaycanın din xadimləri də öz münasibətlərini bildirir və bu fəallıq təqdir olunur. Belə olan təqdirdə elm xadimlərinin də üzərinə müzyyən vəzifələr düşür.

Məsələnin aktuallığını qeyd edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın müasir cəmiyyət və din siyasəti bir-biri ilə bağlıdır: "Azərbaycan müsəlman ölkəsidir. Bu baxımdan xalqın əsirlərdən bəri formalaşmış ənənələri və yazılmamış qaydaları müasir dövlət quruculuğunda da nəzərə alınır. Dövlətin üzərinə düşən də budur ki, qanunları həyata keçirməklə yanaşı, əhalinin dini normaları cəmiyyətin həyatında uyğun şəkildə mənimsəməsinə, münasibətlər qurmasına, dini konvensiyaların normal fəaliyyətinə şərait yaratsın. İnsanları inanclı olan ölkədə dövlətin və cəmiyyətin idarəçiliyi də asan olur. Biz dini işlərə müdaxilə etmirik. Amma din cəmiyyətin bir hissəsi olduğuna görə, təkcə kənardan baxmaqla müşahidə də edə bilmərik".

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, bütün dövlət tədbirlərində dini konvensiya rəhbərləri iştirak edir. Hətta bəzi məsələlərdə bir-birlərinə yaxından köməklik edirlər.

Məsələ ilə bağlı Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da danışıb və qeyd edib ki, dünyanın əksər dövlətlərinin dinlə birbaşa əlaqəsi var: "Azərbaycanda müstəqilliyin əldə olunmasının ən böyük uğuru dünyəvi dövlətin qurulmasıdır. Bu gün dünyada dünyəvi dövlətlərdə insanların dinə inamı artmaqdadır. Statistikaya görə, dünyəvi dövlətlərdə əhalinin 80 faizə qədəri dinə etiqad edənlərdir".

R.Aslanova 1992-ci ildə Parlamentdə dinlə bağlı qəbul olunan qanunda boşluqların olduğunu və bunun cəmiyyətdə zərərli tendensiyalar yaratdığını deyib. Nəticədə ölkəyə çoxlu sayda qeyri-ənənəvi zərərli təriqətlər gəlməyə başlayıb: "1997-ci ildə isə qanuna dəyişiklik edildi və bununla da zərərli konvensiyaların axınının qarşısı alınmağa başlandı. Azərbaycanda bundan sonra din və dövlət münasibətlərinin yeni modeli formalaşmağa başladı. Bu gün Azərbaycan gerçəkliyindəki model ən mütərəqqi modeldir. Yəni bir konvensiyaya diqqət göstərmək, digərini isə kənarda qoymaq düzgün deyil".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov da tədbirdə iştirak edərək bildirib ki, yüksək tolerantlıq və demokratiya mühitindən istifadə edən bəzi dini qruplar qanunlara zidd metodlarla ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə etməyə, dövlətin ictimai təhlükəsizliyinə zərər gətirən təbliğat işləri aparırlar: "Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar da bu zərərli təsir altına düşürlər. Bu gün Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadəyə, radikallığa cəhd göstərən azsaylı qruplar mövcuddur. Bu əməlləri qətiyyətlə pisləyir və düşünürük ki, belə xoşagəlməz hallara qarşı birlikdə mübarizə aparmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə