BMT Təhlükəsizlik Şurasında Qərbi Şeria və Şərqi Qüdsdə yəhudu məskunlaşmalarını qınayan və inşaat işlərinin dərhal dayandırılması tələb olunan qərar layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, 15 üzvlü şurada səsverməyə çıxarılan qərar layihəsi 14 ölkənin "bəli" səsinə baxmayaraq, ABŞ-ın "xeyr" səsi ilə qəbul olunmayıb. Bununla da ABŞ yalnız şuranın 14 üzvünə deyil, həm də BMT-nin 137 ölkəsinə qarşı çıxıb. Belə ki, sözügedən layihə Təhlükəsizlik Şurasının müzakirəsinə 137 ölkənin imzası ilə təqdim olunmuşdu.
Qərar layihəsinin əsas maddələrində yəhudi məskunlaşmalarının qeyri-qanuni və Orta Şərqdə ədalətli, daimi və əhatəli sülhə böyük maneə olduğu ifadə olunub. Layihədə "Fələstin torpaqlarını işğal edən İsraildən dərhal və tamamilə bütün yəhudi məskunlaşmalarının dayandırılması" tələb edilmişdi. Qərar layihəsinin giriş hissəsində isə İsrailin Qərbi Şeria və Şərqi Qüdsdə davam etdirdiyi məskunlaşma fəaliyyəti qınanmışdı.
Səsvermədən əvvəl çıxış edən Şuranın müvəqqəti üzvü olan Livanın BMT-dəki daimi nümayəndəsi Nevaf Salam yəhudi məskunlaşmalarının davam etdiyini və Şuranın bu məsələdə ədalətin yanında dayanmasının vacib olduğunu söyləyib.
Braziliyanın başçılıq etdiyi toplantıda çıxış edən Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur qərar layihəsinin Şuranın müzakirəsinə çıxarılmasına yardım edən ölkələrə təşəkkür edib. O, bildirib ki, İsrail işğal etdiyi torpaqlarda beynəlxalq qanunlara zidd şəkildə məskunlaşma işlərinə davam edir və bu həm sülhə, həm də bölgədəki sabitliyə zərər verir. R.Mənsur İsraildən Şərqi Qüds də daxil olmaqla işğal etdiyi torpaqların dərhal boşaldılmasını istəyib: "Bölgədə iki dövlətli həllin yeganə yolu var. Bu ancaq işğal edilən torpaqlardakı məskunlaşma fəaliyyətinin dayandırılması və İsrailin 1967-ci ildəki sərhədlərə dönməsi ilə mümkün olacaq".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvü var. Şurada hər hansı bir qərarın qəbulu üçün daimi üzvlər olan ABŞ, Rusiya, Çin, Fransa və İngiltərənin eyni mövqedən çıxış etməsi şərtdir. Müvəqqəti üzvlərdən 9-unun qərarın əleyhinə səs verməsi də qərarın qəbulunu əngəlləyir. Müvəqqəti üzvlər Şuraya iki il müddətinə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB