REAL-dan “Milli Şura”ya “sus” tələbi QARŞIDURMA

REAL-dan “Milli Şura”ya “sus” tələbi QARŞIDURMA

Azər Qasımlı: “Hərənin öz səviyyəsi var”

Gələn il keçiriləcəyi gözlənilən parlament seçkiləri ərəfəsində ənənəvi düşərgədə yenidən qarşıdurmalar, qarşılıqlı ittihamlar və ziddiyyətlər yaşanmağa başlayıb. Belə ki, onların bəziləri seçkiləri boykot edəcəklərini bəri başdan iddia etsələr də, digərləri seçki marafonuna qatılaraq, seçmək və seçilmək hüquqlarından istifadə edəcəklərini bildirirlər. Əsasən, AXCP-“Milli Şura” cütlüyü hər zamankı kimi seçkilərə qatılmaq ətrafında neqativ düşüncələrini ortaya qoymaqla, əks fikirdə olan siyasi təşkilatları çürümüş və pas atmış “hakimiyyətə işləyirsən” ittihamlarına məruz qoyurlar. Həmin təşkilatlardan biri də REAL partiyasıdır.

İlqar Məmmədovu təhqir edən AXCP və “Milli Şura” cütlüyünün məqsədi nədir?

Məsələ ondadır ki, REAL sədri İlqar Məmmədov seçkilər ərəfəsində heç bir koalisiyaya, birliklərə, bloklara qoşulmayacaqlarını bəyan edib və seçkilərə təkbaşına gedəcəklərini açıqlayıb. Onun bu fikri isə ilk növbədə Əli Kərimli-Cəmil Həsənli cütlüyünü qıcıqlandırıb. Xüsusilə, “Milli Şura” adından çıxış edən və bu qurumu idarə edən Ə.Kərimli sosial şəbəkələrdəki trolları vasitəsi ilə REAL sədri İ.Məmmədova qarşı aşkar hücumlara start verib. Hətta “Milli Şura” və AXCP-nin funksionerləri belə, trollara qoşularaq, İ.Məmmədovu və ətrafını ən kobud şəkildə təhqirlərə məruz qoyur, onları “satqın”, “xəyanətkar” adlandırıb müxalifiətçi hesab etmədiklərini yazırlar. Məsələ həm də ondadır ki, Ə.Kərimli-C.Həsənli cütlüyünün trolları “liderlərindən” aldıqları tapşırıqlara görə iddia edirlər ki, guya REAL sədri İ.Məmmədov bir neçə deputat kürsüsü əvəzində hakimiyyətlə razılığa gəlib (?!-R.R.) və s. Lakin bunun belə olmadığını siyasi savadı olmayan ən adi şəxs də yaxşı bilir və dərk edir ki, güclü iqtidarın seçkilərdə hər hansı digər dəstəyə ehtiyacı-filanı olmayıb və bundan sonra da olmayacaq.

REAL funksioneri: “Çıxarıb bir arayış göstərməliyəm ki, kiməsə satılmışam, yaxud da satılmamışam?”

Baş verənlərə isə, REAL-ın aparıcı funksioneri Azər Qasımlı tərəfindən ilginc reaksiya gəlib. SİA xəbər verir ki, adıçəkilən partiyanın ali məclisinin sədri onlara qarşı ünvanlanan təhqir və ittihamlara eyni tərzdə cavab verməyib, əskinə, AXCP və “Milli Şura”nın səviyyəsinə düşmək istəmədiyini mətbuata açıqlamasında bildirib. “Açığı, bu tipli mövzularda heç zaman danışmamışam. İndi də bu düşüncədəyəm”, deyən A.Qasımlı əlavə edib ki, siyasətdə, həyatda kim öndədirsə, onu söyürlər, gözdən salmağa çalışırlar, tənqid edirlər: “Görünən odur ki, bundan sonra da belə olacaq. Azərbaycanın yaxın tarixində bunun belə olacağını görməmək mümkün deyil. Yalnız bunları deyə bilərəm”.

REAL funksioneri bu ifadəsi ilə demək istəyib ki, əgər AXCP-“Milli Şura” cütlüyü onları söyüb-təhqir edirlərsə, demək onları özlərindən güclü hesab edirlər. A.Qasımlı söyüşlərə cavab verməməklərini həm də bu cür əlaqələndirib: “Buna heç bir cavabımız yoxdur. Çünki hərənin öz səviyyəsi var və buna uyğun da davranır. Yenə deyirəm, kim öndədirsə, bu cür hallarla üzləşir... Rus dilində yaxşı bir söz var. Deyir ki, hər kəs məsələlərə öz mənəviyyatına, dünyagörüşünə və tərbiyəsinə uyğun yanaşır. İndi bunu söyləyən adamlar dünyagörüşləri necədirsə, buna uyğun da danışırlar. Başqa nəsə deməyə lüzum görmürəm. Çıxarıb bir arayış göstərməliyəm ki, kiməsə satılmışam, yaxud da satılmamışam? Bununla bağlı kiminsə əlində fakt varsa, ortalığa qoysun. Fakt yoxdursa, susub yerində otursun”.

Beləliklə, görünən budur ki, artıq ox öz yayından çıxıb və AXCP-“Milli Şura” cütlüyü illərdir ki, öz uğursuz amplualarında qalmaqla yanaşı, digər müxalifət təşkilatlarını da həmin ampluaya sövq etməyə cəhdlər göstərsələr də, həmin cəhdləri puç olur. Bu dəfə isə onların ağızlarından REAL “vurdu”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə