Əli Həsənovun statusundan gəlinən qənaətlər TƏHLİL

Əli Həsənovun statusundan gəlinən qənaətlər TƏHLİL

Yaxud, qrantyeyənlərin qarşısında kimlər dayanıb?

Xarici ölkələrdə “siyasi mühacir” adı altında maliyyələşən, xüsusilə Azərbaycan əleyhinə fəaliyyət göstərən qurumların təsiri altında idarə edilən şəxslərin sosial şəbəkələr vasitəsi ilə gündəlik canlı yayımlara çıxmaları ictimai rəydə qəti bir fikir formalaşdırıb ki, belələri sosial medianın verdiyi fürsətlərdən sui-istifadə edib, bilavasitə sifarişlər vasitəsi ilə sözügedən fəaliyyətlərini davam etdirir və onların bu istiqamətdəki fəaliyyətləri qrantlar müqabilində baş tutur. Əbəs deyil ki, biz müxtəlif vaxtlarda sosial şəbəkə və klaviatura “qəhrəmanlarının” bir-birləri ilə çoxsaylı qrant çarpışmalarının şahidləri olmuşuq. Hətta bunu ayrıca bir ştirxlə də müəyyən etmək olar.

Onların “ortaq məxrəcləri” yeganə amil üzərində üst-üstə düşə bilər ki...

Misal üçün, Qənimət Zahidin canlı yaymlarında rəylər yazan sözdə müxalifətçilərin, daha dəqiqi isə, trolların Sevinc Osmanqızının canlı yayımlarına qatılıb onun fəaliyyətinə qarşı mənfi rəylər, təhqirlər yazmaları, yaxud S.Osmanqızının canlı yamılarında rəylər yazmağa təhkim olunan trolların Q.Zahidin yayımlarına qatılıb söyüş söymələri adi hala çevrilib. O cümlədən, Qurban Məmmədovun, Vidadi İsgəndərlinin, Orduxan Teymurxanın və başqalarının özlərinə yaxın adamlarının bir-birlərinə qarşı apardıqları bənzər əks-təbliğat kampaniyaları birbaşa qrant savaşının nəticələridir. Sadəcə, onların “ortaq məxrəcləri” yeganə amil üzərində üst-üstə düşə bilər ki, o da ki, Azərbaycan dövlətinin və xalqının əleyhinə aparılan sifarişli kampaniyalardır. Yəni, ortada olan faktlar dövlət maraqlarına vurulan zərər məqsədi daşıyır.

Əli Həsənov: “Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarakterli çağırışların tirajlanması baxımından da münbit məkandır”

Bu arada, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Facebook”dakı şəxsi profilində yazdığı statusundakı bir mühüm fikrə də diqqət yetirərək, bir sıra nəticələrə gəlmək olar. “Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarakterli çağırışların tirajlanması baxımından da münbit məkandır”, deyə vurğulayan Prezidentin köməkçisinin sözügedən fikirləri eyni zamanda belə bir qənaətə gəlməyə zəmin yaradır ki, belələrin “Facebook”, yaxud digər sosial şəbəkədəki “dostları” da xaricdən verilən sifarişlərin irili-xırdalı nökərləridirlər.

Ancaq gəlin görək, bu gün hakimiyyətin, iqtidar təmsilçilərinin dostluqlarında bu tipli insanlara rast gəlmək mümkündürmü? Yaxud, onların dövlət əleyhinə hər hansı fikirləri mövcuddurmu? Əlbəttə ki, belə ola bilməz!

Prezidentin köməkçisi: “Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir”

Əksinə, bu gün Azərbaycanın real inkişaf strategiyası, dövlət başçısının və ümumilikdə hakimiyyət təmsilçilərinin gördükləri işlərin təbliğində məhz fəal sosial şəbəkə iştirakçılarının da əməkləri vardır. Bu, həm də belə düşünməyə əsas verir ki, yaranan hər hansı bir problem dərhal dövlət məmurlarının diqqətinə çatdırılır, bu problemlərin aradan qaldırılmasında sosial medianın münbit vasitələrindən istifadə edilir.

Məhz bu baxımdan, cənab Əli Həsənov yazdığı məlum statusunda bəlli və incə məqama toxunaraq qeyd edir: ““Tez-tez bu cür suallarla qarşılaşıram “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir”. O bəyan edib ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşıya qoyulmuş ən ümdə vəzifələrdən biridir: “Bu vəzifəni layiqincə yerinə yetirmək üçün mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır”.

Mühüm status: “Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”

Digər tərəfdən, daha bir diqqətçəkici məqam dövlət məmurlarının, hakimiyyətə mənsub siyasi partiya təmsilçilərinin, habelə iqtidaryönlü şəxslərin sosial şəbəkələrdə aktivləşməsi, insanlarla ünsiyyətə, dialoqa, hətta polemikalara qoşulması reallığıdır. Bəlkə də bəzilərinə bu reallıq qəribə görünə bilər. Lakin gerçək faktlar üzə çıxdıqca əsas amil budur ki, əgər Prezident İlham Əliyev cənabları bir çox çıxışlarında özünü xalqın xidmətçisi olaraq təqdim edibsə, demək ki, bu gün iqtidarı təmsil edən bütün məmurlar bu bəyanatdan yararlanmalı, xalqa xidmət etmək üçün daim fəallıqlarını nümayiş etdirməlidirlər. Məhz bu reallıq cənab Əli Həsənovun paylaşdığı statusunda izah edilməkdədir. SİTAT: “ Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəcüblü gəlməməlidir...Buna baxmayaraq, bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”.

Beləliklə, ortaya belə bir nəticə çıxır ki, əgər bu gün xarici ölkələrdə özlərini “azadlıq carçısı”, “demokratiya təəssübkeşi”, ya da “inqilabçı” kimi qələmə verən, əslində isə, anti-Azərbaycan xarakterli şəbəkələrdə nökərçilik edib, qrantyeyənlər yığnağı varsa, onların qarşısında Azərbaycan xalqının və dövlətinin maraqlarını müdafiə edən, inkişaf etdirən, xalqına xidmət edən iqtidar mənsubları, o cümlədən, onlarla ünsiyyət quran sadə, vətənsevər, dövlətçi vətəndaşlar da var. Bu danılmaz reallıq isə, söz yox ki, zərərli ünsürlərin qol-qanad açmalarına heç vaxt imkan verməyib, bundan sonra da verməyəcək!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə