“Azərbaycan münaqişənin həllində Rusiyanın həlledici rolunu qiymətləndirir” RƏY-ÖZƏL

“Azərbaycan münaqişənin həllində Rusiyanın həlledici rolunu qiymətləndirir” RƏY-ÖZƏL

“KİV-də Fransa Prezidenti Makronun maraqlı bir açıqlaması yayıldı”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, o bildirdi ki, dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən “Qərbin hegemonluğu başa çatır: “Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır. Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, “dondurulmuş” münaqişələr və “soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilərik”. Dünyada baş verən bu siyasi dəyişikliklərdən yaxşı baş çıxaran Türkiyə rəhbərliyi də xarici siyasətlərində çox kəskin də olmasa, hər halda müəyyən dönüş edib. Türkiyə regionun ən güclü dövləti olan Rusiya ilə, həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşmaq kursu götürüb. Rusiyanın ən müasir silahını, C-400 raketdən müdafiə sistemini Türkiyənin alması buna ən tutarlı sübut ola bilər. Ərdoğan Rusiya səfərində olarkən bildirdi ki, iki ölkənin ticarət dövriyyəsi 25 milyard dollardır, hədəf isə bu rəqəmi 100 milyard dollara çatdırmaqdır. Göründüyü kimi, Rusiya ilə Türkiyə arasındakı bütün sahələrdəki əlaqələr yüksələn xətlə inkişaf edir".

N.Əliyevin fikrincə, iki qonşu dövlət arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi Türkiyəyə regionda ən yaxın dövlət olan Azərbaycan üçün də sərfəlidir: "Belə ki, Rusiya-Türkiyə münasibətləri yaxşılığa doğru irəlilədikcə Dağlıq Qarabağ probleminin də həll ediləcəyinə ümidlər artır. Xatırlayırsınızsa, Ərdoğan bir neçə il əvvəl Rusiya səfərindən qayıdarkən bu problemlə bağlı suala belə cavab vermişdi: “Dağlıq Qarabağ probleminin həllinin açarı Moskvadadır”. Azərbaycan dövləti də sözügedən münaqişənin həllində Rusiyanın həlledici rolunu qiymətləndirir, həm də bir qonşu dövlət kimi Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Beləliklə, həm Türkiyənin, həm də Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər yaxşı olsa, bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bir o qədər müsbət təsir edə bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə