"Şeyx həzrətləri səmərəli fəaliyyət ortaya qoyub" ÖZƏL-MÜNASİBƏT

"Şeyx həzrətləri səmərəli fəaliyyət ortaya qoyub" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı tamam olur. Şeyx həzrətlərinin 70 illik yubileyi və şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ aprel ayında müvafiq Sərəncam imzalamışdı. Bu sərəncam çərçivəsində ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda bir çox tədbirlər həyata keçirilməkdədir". Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Fondun icraçı direktorunun sözlərinə görə, Şeyx həzrətlərinin ölkəmizdəki milli həmrəyliyin bərqərar olması, dövlət-din münasibətlərinin formalaşdırılması, insanlar arasında mənəvi-əxlaqi dəyərlərin təbliğ edilməsi sahəsində böyük xidmətləri vardır: "O, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində genişmiqyaslı səylər göstərmişdir. Azərbaycandakı multikultural dəyərlər və tolerant ənənələrin qorunub saxlanılması, eləcə də inkişaf etdirilməsində də Şeyxülislam Allahşükür Paşazadə səmərəli fəaliyyət ortaya qoyub. Təsadüfi deyil ki, cənab Prezidentin bu gün imzaladığı Sərəncamla Şeyx Həzrətləri ali dövlət mükafatı olan “Heydər Əliyev” Ordeni ilə təltif edilib. Mən də, öz növbəmdə Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıram".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə