BDM Xocalı faciəsinin ildönümü ilə bağlı Avropa ölkələrində bir sıra tədbirlər keçirəcək

BDM Xocalı faciəsinin ildönümü ilə bağlı Avropa ölkələrində bir sıra tədbirlər keçirəcək

Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) Avropa ölkələrində bir sıra tədbirlər keçirəcəkdir. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Beynəlxalq Diaspor Mərkəzi Milli Qeyri-Hökümət Təşkilatları Forumu ilə birgə 24 fevral 2011-ci il tarixində Çexiya Respublikasının Massarik Universitetində, 28 fevral 2011-ci il tarixdə isə Çexiyanın Brno şəhərindəki Texnologiya Universitetində konfranslar keçiriləcəkdir.

Tədbirlərdə universitetlərin professor, müəllim və tələbə heyəti, Çexiya və Azərbaycan diaspor nümayəndələri iştirak edəcəklər. Xocalı soyqırımına həsr olunmuş çex və ingilis dillərində film nümayiş olunacaq. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş Xocalı soyqırımı haqqında materiallar konfrans iştirakçılarına paylanacaq.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində BDM-in nümayəndə heyəti 25 fevral 2011-ci il tarixində Azər-Çex cəmiyyəti və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqa şəhərində keçiriləcək anım tədbirlərinə, həmçinin 26 fevral 2011-ci il tarixində Vyana şəhərində Azərbaycan səfirliyi və Avstriyada təhsil alan azərbaycanlı tələbələrin birgə təşkil etdiyi "Xocalıya ədalət" yürüşünə qatılacaqlar.

24-28 fevral 2011-ci il tarixlərində Çexiya Respublikasının Massarik və Texnologiya universitetlərində BDM və Milli QHT Forumunun birgə təşkil etdiyi konfranslar, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə