ABŞ və Rusiya arasında 2010-cu il 8 aprel tarixində imzalanan START anlaşması iki ölkənin nüvə arsenalının azaldılmasını nəzərdə tutur. Nüvə silahının sayına görə, dünyanın iki hegomon ölkəsi bundan sonra da liderliklərini qoruyub saxlayacaq. Anlaşmaya görə, 7 il ərzində ABŞ və Rusiyanın nüvə silahları əhəmiyyətli dərəcədə azaldılacaq. Hal-hazırda Rusiyanın 12000 (bunlardan 2600-ü strateji döyüş başlığıdır), ABŞ-ın isə 9600 (bunlardan 1968-i strateji döyüş başlığıdır) nüvə silahı var. Anlaşmaya görə, hər iki ölkənin strateji nüvə silahının sayı 1550 ilə məhdudlaşdırılmalıdır. ABŞ və Rusiyanın ciddi nahahatlığına baxmayaraq dünyada nüvə silahı əldə etmək istəyən ölkələrin sayı durmadan artır. SİA-nın məlumatına görə, "Röyters" agentliyi dünya ölkələrinin nüvə silahının sayı ilə bağlı informasiya verib.
Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Anlaşmasının (NPT) müəyyən etdiyi rəsmi nüvə ölkələrinin sayı 5-dir: ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin. Agentliyin yazdığına görə, Fransanın 300, Çinin 240, İngiltərənin isə 225 nüvə silahı var.
Hindistan və Pakistan isə nüvə silahına sahib olsalar da, NPT-yə qoşulmayan ölkələrdir. Onların malik olduğu nüvə silahının sayı dəqiq bilinmir. Belə ki, Pakistanın 70-90, Hindistanın isə 60-80 nüvə silahının olduğu təxmin edilir. Dörd ölkənin, İsrail, Şimali Koreya, İran və Suriyanın nüvə silahına sahib olması ehtimal edilir. Məlumata görə, İsrailin 80, Şimali Koreyanın isə 10 nüvə silahı var.
Qeyd edək ki, bu rəqəmlər 2010-cu ilin may ayında olan vəziyyəti əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə