“Ermənistan XİN başçısı Zohrab Mnatsakanyanın, eləcə də bundan öncə baş nazir Nikol Paşinyanın Xankəndində söylədiyi fikirlər əslində daxili auditoriyaya hesablansa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin özünə destruktiv çalarlar gətirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, son bəyanatlar uzun illərdir apardıqları danışıqlar xəttini pozur: “Ermənistanın müxalif dairələri də dolayısı və ya açıq şəkildə onların danışıqlar prosesinə yanaşmasının dəyişdiyini və bunun onları pis vəziyyətə qoyduqlarını bildirirlər. Əlbəttə ki, bütün hallarda Azərbaycanın rəsmi mövqeyi hər kəsə məlumdur. Bizim fikirlərimiz daha çox ATƏT-in Minsk qrupunun həmsədrlərini ünvanlanır. Çünki hazırda onlar danışıqlar prosesinin növbəti mərhələsinin hazırlayırlar”.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN başçıları arasında növbəti görüşün sentyabr ayında Nyu-Yorkda baş tutacağı ehtimal olunduğu ərəfədə düşmən tərəfinin bu cür mövqe ortaya qoyması Minsk qrupu həmsdərlərini pis vəziyyətdə qoyur: “Azərbaycan tərəfi belə bir vəziyyətdə qarşı tərəflə danışıqlar aparmağın mümkünsüzlüyünü bəyan edir. Çünki onlar danışıqlar ərəfəsində mövqelərini dəyişməklə prosesin ardıcıllığını pozurlar. Belə bir şəraitdə danışıqlar prosesində iştirak etməyin əlbəttə ki heç bir mənası olmur”.
İ. Vəlizadə qeyd edib ki, əgər Ermənistan tərəfi hazırki mövqeyini növbəti görüşdə təsdiq edərsə, o zaman bu, onların əsil üzünü həmsədr dövlətlərə göstərmək üçün növbəti imkan ola bilər: “Bizim maraqımız ondan ibarətdir ki, düşmən ölkə hansısa mitinq və çıxışlarda deyil, ümumilikdə mövqeyini rəsmiləşdirsin. Əgər onların cəsarətləri çatırsa, bu mövqelərini danışıqlar masasında, Minsk qrupu çərçivəsində bildirsinlər”.
Ermənistanda daxili vəziyyətin acınacaqlı olduğunu deyən politoloq əlavə edib ki, düşmən ölkənin bəyanatları onları gülünc vəziyyətinə qoymaqdan başqa heç nəyə yaramır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB