“Əlilliyi olan uşaqların vəziyyətinə və səhiyyə xidmətlərinə çıxışı vəziyyətinə dair Alternativ QHT hesabatının ictimai müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib

“Əlilliyi olan uşaqların vəziyyətinə və səhiyyə xidmətlərinə çıxışı vəziyyətinə dair Alternativ QHT hesabatının ictimai müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Media Mərkəzində "Azərbaycan Respublikasında Əlilliyi olan uşaqların vəziyyətinə və səhiyyə xidmətlərinə çıxışı vəziyyətinə dair BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim olunacaq Alternativ QHT hesabatının ictimai müzakirəsi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, milli QHT-lərin nümayəndələri iştirak edib.

İlk olaraq çıxış edən Ümidli Gələcək Gənclər Təşkilatının icraçı direktoru bildirib ki, statistik məlumatlara görə, hazırda Azərbaycanda 50 mindən artıq sağlamlıq imkanları məhdud uşaq var: "Əlilliyi olan uşaqlar və onların ailələri əksər hallarda aztəminatlı qrupuna aid edilir və ya ailələri yoxsulluqda yaşayır. Başqa uşaqlarla müqayisədə onlar dörd dəfə artıq fıziki zorakılığa, üç dəfə artıq emosional zorakılığa məruz qalırlar. Həyat üçün vacib olan müalicə, səhiyyə, uşaqlara qulluq etmə və təhsil sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına ehtiyac var".

Daha sonra çıxış edən Müasir Təhsil və Tədrisə Yardım mərkəzinin icraçı direktoru vurğulayıb ki, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, onların reabilitasiyası, sağlamlıq hüququnun təmin edilməsində çətinliklər və problemlər qalmaqdadır: "Həmçinin onların təhsil, xüsusilə də, peşə təhsilinə çıxış imkanları da məhduddur. Müsbət haldır ki, son illər ərzində əlilliyi olan uşaqların hüquqlarının təmin edilməsi istiqamətində hökumət tərəfındən xeyli işlər görülüb və müsbət nəticələr əldə olunub, lakin xeyli sayda problem hələ də qalmaqdadır ki, onların həlli daha sıx QHT-Hökumət əməkdaşlığı və tərəfdaşlığı tələb edir".

"Müstəqil Həyat" inkişaf və Dəstək mərkəzinin sədri Aydın Xəlilov isə qeyd edib ki, fiziki və əqli cəhətdən əlilliyi olan uşaqlara qarşı cəmiyyətin münasibətini dəyişmək lazımdır: "Bu məqsədlə də həm dövlət səviyyəsində, həm də QHT-lər və icmalar tərəfındən geniş maarifləndirmə və məlumatlandırma kampaniyaları, dövlət məmurları üçün təlim-seminarlar təşkil edilir. Bu uşaqların problemləri ilə Uşaq Hüquqları üzrə QHT alyansıda davamlı olaraq araşdırmalar aparır və onların problemlərinin həll edilməsinə köməklik göstərir".

Qeyd edək ki, hesabat QHT Alyansının UNICEF, Uşaqların Xilası, Corc Marşal Fondu, ACİ-YF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarhğı, Dünyaya Baxış təşkilatının dəstəyilə həyata keçirdiyi layihə çərçiyəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə