Əhalinin rifahına hədəflənən inqilabi sosial addımlar ARAŞDIRMA
Azərbaycanın uğurlu inkişafı dövlətin sosial sahəyə daha böyük diqqət göstərməsinə söykənir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə birləşdirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında əksini tapır. Bu baxımdan dövlət başçısı tərəfindən 2019-cu ilin 6 ayında imzalanan inqilabi sərəncam və fərmanlar, atılan müxtəlif addımlar əhalinin sosial müdafiəsinin daha da güclənməsinə xidmət edib. Dövlət başçısının da qeyd etdiyi kimi 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən öz fərqliliyi ilə seçilir. Cari ilin son 6 ayının nəticələri də bunu bizə deməyə əsas verir.
Millət vəkili Aydın Hüseynov SİA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib: “Məhz buna əsasən demək olar ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. 3 milyon insanı əhatə etməklə ilk sosial paketin illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paketisə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək”.
Millət vəkili bu ilin 6 ayı ərzində əldə olunan nəticələrə toxunaraq qeyd edib ki, Azərbaycan ötən müddətdə də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlərə də edib: “Belə ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bununla yanaşı, büdcədaxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Təbii ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur. Bu bir daha təsdiq edir ki, Azərbaycan sürətlə inkişaf edir və növbəti illərdə uğurlarımız daha da artacaq”.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə bildirib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: “Dövlət başçısının sosial islahatlar paketi çərçivəsində fərmanlar və sərəncamlar imzalaması prosesi davam edir. Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncam imzalaması bu baxımdan istisna təşkil etmir. İmzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək”.
K.Əliyeva söyləyib ki, son 6 ayda sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir: “Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu”.
Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin 50 faiz artırıldığını xatırladan deputat qeyd edib ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir: “Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısı son bir neçə ayda imzaladığı sosialyönümlü sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etdi. Fərmana görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu”.
Son 6 ayda sosial istiqamətdə atılan addımlar, eləcə də yuxarıda söylənənən fikirlərə əsasən deyə bilərik ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycan sosial inkişafında yeni keyfiyyət mərhələsinə keçib. Bütün bunlar ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində atılacaq addımların ilin digər yarısı və növbəti illərdə də davam edəcəyinə əminlik yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB