Kamilə Əliyeva: “Paşinyanın bəyanatları xəstə təxəyyülün və xəstə təfəkkürün məhsuludur ”

Kamilə Əliyeva: “Paşinyanın bəyanatları xəstə təxəyyülün və xəstə təfəkkürün məhsuludur ”

“Paşinyan son səfəri zamanı yenə də sayıqlayaraq, Qarabağı Ermənistan ərazisi və torpağı adlandırıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, bu, xəstə təxəyyülün və xəstə təfəkkürün məhsuludur: “O da əvvəlki hərbi və siyasi cinayətkar rejim olan Kocaryanlardan, Sarkisyanlardan heç nə ilə fərqlənmir, əksinə, bəzi hallarda hətta, onlardan da “qabağa” keçir, bütün hədləri və sədləri, əndazəni aşır. O da, digərləri də bilsinlər və qulaqlarından sırğa etsinlər ki, Dağlıq Qarabağ Azərbaycanındır, qədim türk yurdudur, Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Təəssüf ki, Ermənistanın oyunbazlıqlarına, təcavüzkarlıq və işğalçılıq əməllərinə hələ də seyrçi, laqeyd münasibət bəslənilir. Halbuki BMT başda olmaqla, bütün beynəlxalq qurumlar, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir. Odur ki, Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək. Həmçinin, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi bu ölkənin, onun rəhbərliyinin, siyasi elitasının əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir. Onlar artıq laqeyd, biganə, etinasız münasibətlərinə, davranışlarına son qoymalıdırlar, Ermənistanın və onun fitnəkar siyasətçilərinin, rəhbərlərinin, o cümlədən, Paşinyanın ağlını başına gətirməlidirlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə