Yoxsa “AXH”nin parçalanmasını gizlətmək cəhdi?
Yarandığı ilk gündən daxilində ziddiyyətlər yaranan “Azərbaycan Xalq Hərəkatı” bir müddət keçdikdən sonra parçalandı və bu parçalanma növbəti dəfə yeganə reallığı sübut etdi ki, ənənəvi düşərgədə konstruktivliyindən, yaxud destruktivliyindən asılı olmayaraq, bir çox siyasi təşkilatlar bir-birlərini həzm etmirlər. Bunun isə yeganə səbəbi şəxsi mənfəətlərinin digərlərindən üstün tutmaq cəhdləridir. Xüsusilə, “AXH”nin yaranmasında əsas təşəbbüskarlarından olan AMDP sədri İsgəndər Həmidovun son vaxtlar xəstələnməsi, müalicəyə getməsi hərəkatdaxili vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Ancaq buna baxmayaraq, “AXH” hələ İ.Həmidovun səhhəti pisləşmədiyindən əvvəl laxlamağa başlamışdı. Orada təmsil olunan bir sıra partiya sədrləri Həmidovun özünü “lider” olaraq ortaya atıb, bütün məsələlərdə şəxsi fikirlərini yürütməsi səylərini qəbul etməmişdilər.
“AXH”nin təşəbbüs və planları baş tutmamış qaldı
Maraqlı məqamlardan biri də, “AXH”də bir neçə qruplaşmaların ayrı-ayrılıqda digər hərəkatlarla danışıqlara gedib, mövqelərin möhkəmləndirmək istəkləridir. Çünki ümumilikdə “AXH”nin heç bir təşəbbüsü, misal üçün mitinq və s. bənzər planları baş tutmamış qaldı. İlk növbədə, tərəfdar toplamağı bacarmayan “AXH”nin parçalanmış qanadları elektorat qıtlığından əziyyət çəkdi, sonradan isə daxili çəkişmələr öz sözünü deməyə başladı. Lakin bütün bunlara rəğmən, qarşılaşdığı ağır və çıxışmaz durumu necə deyərlər, malalamağa çalışanlar da tapılır.
İsgəndər Həmidov nə qədər “mühüm şəxsiyyətdir” ki, hələ bir cəmiyyət də onun mesajlarını dinləsin?
Məsələ ondadır ki, bu günlərdə “AXH”nin üzvü, ALDP-nin sədri Fuad Əliyev müstəqil KİV-lərin birində canlı yayıma çıxaraq, İ.Həmidovun reklamını aparmaqla məşğul olub. Hətta bu reklamına o qədər aludə olub ki, haqqında danışdığı şəxsin – İ.Həmidovun “cəmiyyətə mesajı” olduğunu belə deyib. Maraqlıdır, bu gün xalq, cəmiyyət, ümumiyyətlə, elə müxalifətçilər arasında heç bir nüfuzu olmayan İ.Həmidov nə qədər “mühüm şəxsiyyətdir” ki, hələ bir cəmiyyət də onun mesajlarını dinləsin? Yaxud, İ.Həmidov özünü bu qədərmi önəmli siyasi xadim olduğunu düşünür, ya da hesab edir? Əlbəttə ki, əgər belədirsə, onda AMDP sədri özünü “AXH”nin “lideri” kimi zorla iictimai rəyə sırımağa cəhdlər göstərir. Bu məsələdə isə ona yardımı göründüyü kimi, ALDP sədri F.Əliyev göstərir.
İsgəndər Həmidov yerini Fuad Əliyevə verir, yoxsa ortada imitasiya var?
Bəs burada maraq nədir? O da sirr deyil ki, Azərbaycanda istənilən radikal və ya radikallığa meylli siyasi təşkilatlar mütləq mənada hansısa xarici dairələrdən müvafiq sifarişlər alır, müqabilində qrantlar əldə edir. Bu qrantları qazanmaq üçün isə, fəaliyyət göstərmək lazımdır. Ancaq ortada heç bir fəaliyyət yoxdur və səbəblərini də yuxarıda qeyd etmişik. Lakin görüntü yaratmaq məqsədi ilə, qrantları əldən verməmək üçün zaman-zaman məhz F.Əliyev mətbuata çıxaraq, İ.Həmidovun “cəmiyyətə mesajı var” tipli açıqlamalar verir. Bu isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, ortada yalnız və yalnız imitasiya məsələsi mövcuddur. O cümlədən, İ.Həmidov kifayət qədər yaşlı və xəstədir, onun fəaliyyətinin bundan sonrakı dövrü heç bir səmərə vermək qabiliyyətində deyil. Ola bilsin ki, İ.Həmidov öz yerini F.Əliyevə versin, amma bu da “AXH”də nəyi isə dəyişməyəcək. Dəyişən yeganə şey fərdlər olacaq. Fərdlərin isə dəyişməsi adıçəkilən hərəkatı bütövlükdə bataqlığa sürükləyib, siyasi məhvə məhkum edəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB