“Dini bayramlar: tarix, ənənə və müasirlik” TƏDBİR-VİDEO-YENİLƏNİB

“Dini bayramlar: tarix, ənənə və müasirlik” TƏDBİR-VİDEO-YENİLƏNİB

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, müvafiq dövlət qurumlarının təmsilçiləri, dini icma sədrləri, din xadimləri, dinşünas alimlər, ilahiyyatçılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Səyyad Salahlı dini bayramlardan söz açıb. Qurban və Ramazan bayramının Azərbaycanın iki ən böyük dini bayramı olduğunu nəzərə çatdıran S.Salahlı hər iki bayramın bütün İslam dünyasında qeyd olunduğunu söyləyib: "Təəssüf ki, bəziləri Qurban bayramını "ət bayramı", "ət bolluğu" bayramı kimi təqdim edirlər. Ancaq bu yanaşma bayramı mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Bayramların fəlsəfəsi insanları bir araya gətirir. Qurban bayramının mahiyyətini hər kəs bilir. Mahiyyət odur ki, Həzrəti İbrahim Allah qarşısında sədaqətli bəndə olduğunu göstərmək istəyir. Əti keçmiş zamanlarda varlı insanlar yeyərdilər. Allah-təala bu bayramı göndərib ki, yoxsul insanlar da ət yesinlər. Ramazan bayramına da pəhriz bayramı kimi baxmaq lazım deyil. Bu bayram insanın Allah qarşısındakı imtahanıdır".

Komitə rəsmisi Azərbaycanda Qurban və Ramazan bayramlarının dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bayramların mahiyyətindən, onların tarixindən söz açıb: “Qurban əti kəsilərkən bayramın mahiyyətinə daha çox fikir verilməlidir. Qurban əti kəsilərkən ətin çox hissəsini insan özündə saxlamamalı və ya qohumlara paylamamalıdır. Qurban ətini yoxsul insanlara paylamaq Qurban bayramının daha şəfqətli tərəfidir. Təəssüf ki, bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir. Bu, qeyri-ənənəvi prosesdir. Bu baxımdan, bayramların mahiyyətini saxlamalıyıq. Müasir dövrdə dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Amma hər birimiz fərd olaraq bu bayramların mahiyyətindən uzaqlaşmalı deyilik. Fikirləşməyək ki, Qurban bayramı üçün ət kəsdim, işim bitdi. Bu bayramlar ona görə keçirilir ki, insanlar bir-birilərinə əl tutsun, bir-birinə qarşı laqeyid olmasınlar".

Tədbirdə digər çıxış edənlər də mövzu ətrafında fikirlərini bölüşüblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə