"Həmsədrlər danışıqlar prosesinin gələcəyi barədə suala cavab verməlidirlər" AÇIQLAMA-ÖZƏL

"Həmsədrlər danışıqlar prosesinin gələcəyi barədə suala cavab verməlidirlər" AÇIQLAMA-ÖZƏL

“Paşinyanın Xankəndində söylədiyi fikirlər xəstə təxəyyülün və xəstə təfəkkürün məhsuludur. O da əvvəlki hərbi və siyasi cinayətkar olan erməni rəhbərlərindən heç nə ilə fərqlənmir, əksinə, bəzi hallarda bütün hədləri, əndazəni aşır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi bu ölkənin, onun rəhbərliyinin, siyasi elitasının əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır: “Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir”.

K.Əliyeva söyləyib ki, Ermənistanın oyunbazlıqlarına, təcavüzkarlıq və işğalçılıq əməllərinə hələ də seyrçi, laqeyd münasibət bəsləyən BMT başda olmaqla, bütün beynəlxalq qurumlar, beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir: “Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir. Onlar artıq laqeyd, biganə, etinasız münasibətlərinə, davranışlarına son qoymalıdırlar”.

Deputat qeyd edib ki, Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə