Cəfəng nitq söyləməklə özünü ifşa edən Paşinyan ŞƏRH-ÖZƏL

Cəfəng nitq söyləməklə özünü ifşa edən Paşinyan ŞƏRH-ÖZƏL

“Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində beynəlxalq hüquqa zidd, danışıqlar prosesinin gedişatına zərbə vuran, siyasi etikadan kənar çıxışı yolverilməz olsa da, ATƏT-in Minsk qrupu həmsədrləri yenə də səssizliklərini qoruyurlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, əslində, hər kəs Ermənistan baş nazirinin bu çıxışının daxili auditoriyaya ünvanlanmış nitq olduğunu bilir: “Çünki bu cür səviyyəsiz, hüquqazidd fikirlərlə ancaq Qarabağda sıxışdırılıb qalan, beyni zəhərlənən, 30 ildə yalnız kin və nifrət təlqin olunan mağara təfəkkürlü kütləni manipulyasiya etmək olar”.

N. Məmmədovanın fikrincə, Ermənistan rəhbərliyininn bu cür çıxışlara vadar edən bir sıra səbəblər var və məsələyə bir neçə baxış bucağından baxmaq lazımdır: “Belə ki, Paşinyan Ermənistan və Qarabağ separatçılarının aralarındakı düşmənçilik münasibətlərini yumşaltmağa, hakimiyyətə gəlməsindən və 20 il ərzində Ermənistanı idarə etmiş Qarabağ klanının Ermənistan siyasi səhnəsindən silinib atılmasından sonra Qarabağ erməniləri arasında təbliğ olunan "sizdən olmayan sizi qoruya bilməz, "torpaqlar gizli plan əsasında Azərbaycana qaytarılacaq" və fikirlərini alt-üst etməyə, habelə, 2020-ci il uydurma "prezident seçkiləri"ndə Rusiya və əlaltısı Bako Saakyanın deyil, öz namizədinə rəğbət toplamaq, öz adamını hakimiyyətə gətirmək üçün zəmin yaratmaq məqsədi güdür”.

Politoloq vurğulayıb ki, digər tərəfdən, Paşinyan beynəlxalq güc mərkəzləri tərəfindən ölkəsinə və Qarabağ separatçı rejiminə son illərdə ard-arda diplomatik-siyasi, maliyyə cəhətdən vurulan zərbələri, kəsilən ianə və yardımları bu cür aqressiv, "patriotik" notlara söykənən çıxışlarla kompensasiya etməyə çalışır: “Qarabağa ABŞ tərəfindən Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər kanallarla edilən yardımların kəsilməsi, Ermənistana edilən yardımların azalması şübhəsiz ki, Paşinyanın nüfuzuna təsir göstərir və onun reytinqi xeyli azalıb. Bu cür çıxışlarla Paşinyan öz reytinqini artırmağa çalışır. O, siyasi proseslərin içərisində olan, vəziyyəti yaxşı dərk edən adam kimi bilir ki, münaqişənin həlli heç də onun dediyi kimi tamamilə Ermənistanın iradəsindən asılı deyil. Bu, heç şübhəsiz işğalçı dövləti məsuliyyətdən azad etmir, çünki Ermənistan öz üzərində həqiqətən də təzyiq hiss etsə və havadarlardan məhrum olsa, həmin əraziləri boşaltmağa məcur olar”.

Politoloq əlavə edib ki, Paşinyan Qədim Romada olduğu kimi "çörək və tamaşa" istəyən separatçı, barbar təfəkkürlü kütlə qarşısında növbəti dəfə cəfəng nitq söləməklə özünü ifşa etmiş oldu: “O sübut etdi ki, iqtidarda olduğu müddətdə kütləni öz hakkmiyyətinin əsas prinsipi olaraq elan etdiyi demokratiya dəyərlərinə hörmət etmək səviyyəsinə yüksəldə, iğala son qoymağın, sülhə getməyin zəruriliyinə inandıra bilməməklə yanaşı, özü öz elan etdiyi priniplərə zidd gedərək, kütlənin düşüncəsində hakim olan barbar təfəkkürünün səviyyəsindən də uzağa gedə bilməyib. Xankədindəki həmin çıxışı həm də Ermənistanın və Qarabağın pulunu kəsmiş böyük güclərə Paşinyanın mənasız demarşı kimi qəbul etmək olar. Mənasız o baxımdan ki, diplomatiyanın arxasında real güc dayanmırsa, o, mənasız və zəifdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə