Əli Kərimlini kim maliyyələşdirir? ARAŞDIRMA

Əli Kərimlini kim maliyyələşdirir? ARAŞDIRMA

Yaxud, AXCP sədrinin bahalı həyatı arxasında daha hansı faktlar dayanır?

Daxili siyasətlə maraqlanan istənilən şəxsin soruşmağa haqqı var ki, iqtidara iddialı olduğunu deyən Əli Kərimli siyasi fəaliyyətini hansı maliyyə üzərində qurub? Bu sual uzun illərdir ki, cavabı verilməyən suallar daxilindədir və AXCP sədri hər vəchlə həmin sualdan müxtəlif üsullarla yayınır. Ancaq nə qədər çox yayındıqca, həmin sual bir o qədər daha tez-tez verilir. Çünki Ə. Kərimli AXCP-ni qiyam yolu ilə əldə edəndən ta hazırkı dövrə qədər sırf bolşevik təfəkkürü ilə ətrafındakıları inandırmağa çalışır ki, mövcud hakimiyyətlə birdəfəlik qurtaracaq və sosial təminatı yüksək olan yeni dünya quracaq və s. Söz yox ki, illər boyu söz dağarcığı təsiri bağışlayan sabiq dövlət katibi, sonradan isə müxalifət partiyasının sədri Ə.Kərimlinin iddiaları bu günün özündə də ictimai rəyə boşboğazlıqdan savayı heç bir təsir bağışlamır. Çünki onun qeyri-ciddiliyini sübut edən növbəti fakt sosial şəbəkə “qəhrəmanlığıdır”, hətta daha dəqiq desək, bloqerlik etməsidir. Axı görünən həm də budur ki, “inqilabçı kütlə” özünə yanlış lider seçməklə indinin özündə də siyasi arenada yalnız axmaqlıqlar törətməyə davam edirlər. Elə də uzağa getməyək – 19 yanvar mitinqindən başlayaraq, Afrika ölkələrində baş verən hakimiyyət dəyişikliklərindən vəcdə gəlmələrinə qədər...

Hər yerdə bahalı xarici avtomobillər, cangüdənlər, brend geyimlər, gözqamaşdırıcı brilyantlar, bahalı pablarda, kabare və restoranlarda kef məclisləri, gecə həyatları...

Bütün bunlar öz yerində və bu barədə minlərlə yazılar, məqalələr, təhlillər, şərhlər, açıqlamalar, müsahibələr, ekspert rəyləri verilib, ortaq məxrəcə gəlinərək, Ə.Kərimlinin iç üzü ifşa olunub. Ancaq hər dəfə yuxarıda qeyd edilən sual öz mövcudluğunu qoruyub-saxlayır – AXCP sədri və ailəsinin cah-cəlallı həyatı necə, hansı üsulla, kimlər tərəfindən təmin olunur? Misal üçün, gah Ə.Kərimlinin Bakı ətrafındakı prestijli məkanlarda növbəti villa alması, gah övladlarının Britaniyada ən bahalı təhsil müəssisələrində təhsil almaları, ondan sonra müxtəlif parti-məclislərdə pulları göyə sovurmaları, gah arvadı Samara Kərimlinin dumanlı Albionda biznes qurması, bahalı butiklərə sahib olması, üstəlik S.Kərimlinin Britaniyanın ən tanınmış klinikalarının birində bahalı plastik əməliyyat keçirməsi kimi faktlar sual olaraq açıqda qalmaqdadır. Hələ bu harasıdır? Hər yerdə də bahalı xarici avtomobillər, cangüdənlər, brend geyimlər, gözqamaşdırıcı brilyantlar, bahalı pablarda, kabare və restoranlarda kef məclisləri, gecə həyatları...

Kərimlilər ailəsinin bahalı həyat tərzi, zəngin London həyatı reallıqdır və bu reallıq istər-istəməz sıravi və fəal cəbhəçilərdə təəccüb deyil, hətta qıcıq yaradır

Lakin bu mövzunun daha bir tərəfi də var. Kərimlilər ailəsinin bahalı həyat tərzi, zəngin London həyatı reallıqdır və bu reallıq istər-istəməz sıravi və fəal cəbhəçilərdə təəccüb deyil, hətta qıcıq yaradır. Ə.Kərimlinin “satılmaz lider” obrazı sanki kiçik hissəciklərə parçalanaraq yox olur. Bu gün sözügedən məqalənin başlığında verilən sual məhz cəbhəçilər tərəfindən də verilməkdədir. Bir sualın altında isə digər bənzər suallar yaranır – O nə alıb-satır? Nə istehsal edir? Əldə etdiyi qonorarları hansı elmi-siyasi fəaliyyətinə görə qazanıb? Bəlkə o kriptovalyuta ticarətinə başlayıb və əldə etdiyi gəlirlərini birja bazarında gizlədib?

Ola bilsin ki, hüquq-mühafizə orqanları və vergi müfəttişləri hələ ki, bu məsələlərdə Ə.Kərimlini sorğu-sual etməyiblər, amma bunun tam zamanıdır. Ən azından daha bir sualı da vermək olar – AXCP-nin sədri ümumiyyətlə vergi ödəyirmi? Hər halda müvafiq strukturlar bu haqda düşünməlidirlər...

Çünki Ə.Kərimli özünüreklam mitinqlərində çıxış edərkən, hər dəfə bu sualları hakimiyyətə tərəf ünvanlayır, gəlir mənbələrinin açıqlanmasını tələb edir və s. Məgər belə deyilmi? Əgər belədirsə, onda buyursun nümunəvi vətəndaş olaraq əvvəlcə özü bir addım atsın, gəlir mənbələrinin bütün incəliklərini tam şəffaf şəkildə xalqa açıqlasın ki, cah-cəlallı həyatını hansı pul-paralar hesabına qurub. Təəssüf ki, Ə.Kərimli belə hallarda özünün köhnə, açıq şəkildə yalanlara söykənən cavabları ilə kifayətlənir – həyat yoldaşının dövlət tərəfindən verilmiş mənzilini satıb, Avropa məhkəməsindən kompensasiya alıb və s. və i... Ə.Kərimlinin ona sual ünvanlayanları bu qədər ucuz tutması əslində öz ucuzluğunun göstəricisidir. Kim inana bilər ki, onun yuxarıda qeyd edilən və az qala 25 ildə yaxın zəngin, bahalı həyatı bir neçə on min dollarla təmin edilir? Heç onun özü-öz sözlərinə inanırmı?

Əli Kərimli Avropanın gizli şəbəkələrini maliyyələşmə işinə cəlb edib və həmin vasitələrlə vəsaitləri arxa cibinə doldurur

Bu gün həm Ə.Kərimlinin tərəfdarlarını, həm də əleyhdarlarını çox maraqlandıran daha bir məqam budur ki, nəyə görə AXCP sədri Bakıdakı diplomatik missiyalarda zaman-zaman keçirdiyi görüşlərindən sonra on minlərlə dollar aldığını gizlədir və açıqlamır?! Axı bildiyimiz qədər belə məsələlər daha da həssaslaşıb və dövlətin maliyyə nəzarəti güclüdür, xüsusilə maliyyə-bank sektorlarında. Çünki xaricdən vəsaitlər almaq indi daha çətindir. Əks halda, ortada digər nüans görünməyə başlayır. Ə.Kərimli Avropanın gizli şəbəkələrini maliyyələşmə işinə cəlb edib və həmin vasitələrlə vəsaitləri arxa cibinə doldurur. Gəlin onun müavini Gözəl Bayramlının Gürcüstandan Azərbaycana keçərkən həbs olunması məsələsini xatırlayaq. Axı insan nə qədər sadəlöhv olmalıdır ki, Ə.Kərimlinin and-amanına və AXCP sədrinin müavininin Gürcüstana müalicəyə getdiyini, ölkəyə daxil etməyə çalışdığı valyutla isə şəxsi vəsaiti olduğu iddialarına inansın?

Yaxud, bu gün Ə.Kərimlinin pul-para qazanmaq üçün yeni şəbəkəsində növbəti adlar da məlum olub – gizli gürcü şəbəkəsində fəaliyyət göstərən və axtarışdan olan Daşqın Ağalarov, erməni “Aqos” qəzetinin əməkdaşı Arzu Qeybullayeva... O cümlədən, Parisdə oturub dövlət əleyhinə gecə-gündüz çənə döyən Qənimət Zahid. Çox yəqin ki, Ə.Kərimlinin bahalı həyatında bu şəbəkənin müəyyən rolları var və o cümlədən, həmin şəbəkəyə altdan-altdan pul buraxan adamların da kim olduqları yaxınlarda üzə çıxacaq.

1993-cü ildə AXCP-nin gizli qızıl fondunu talayan Əli Kərimlidir!

Çünki bəzi məlumatlara görə, elə Azərbaycanın özündə də “işsiz” Ə.Kərimlinin taleyinə biganə qalmayan insanlar mövcuddur. Bu gün onların Ə.Kərimlini maddi tərəfdən təmin etməkdə məqsəd və məramları nədən ibarətdir? Maraqlıdır, yenə də hansı səbəblərə görə Ə.Kərimlini maliyyələşdirən həmin qruplar hələ də müvafiq strukturlar tərəfindən araşdırılmayıblar? Ədalət naminə onu da deyə bilərik ki, Ə.Kərimlinin şəxsi xərcləri və partiyasının büdcəsi üçün həmin vəsaitlər bir—birini tamamlamır. Yəni cəbhə oxlokratiyasına həmin vəsaitlərdən yalnız cüzi miqdarlar düşür, əsas hissəsi isə ailəsinin bahalı və zəngin London həyatına yönəldilir və bu da son deyil...

Etibarlı mənbələrdən məlum olub ki, AXCP-nin sədrlik postunu işğal etdikdən sonra Kərimlinin yaxın qohumları vasitəsi ilə Dağıstanda, Şimali Qafqazın digər şəhərlərində, xüsusilə Stavropolda yeni gəlir biznesi yaradılıb. Həmin biznesin maliyyə bazası isə AXC-nin yoxa çıxmış qızıl büdcəsidir! Belə ki, AXC-nin köhnə təmsilçiləri də Kərimlinin 1993-cü ildə partiyanın qızıl fondunu oğurlamaqda ittiham edirlər və iddia edilir ki, partiyanın qızıl fondu Elçibəyin müavini olmuş Kərimlinin şəxsi biznes qurması maraqlarına xərclənib. Beləliklə, partiyanın gizli qızıl fondunun yoxa çıxması bilavasitə Ə.Kərimlinin şəxsi sosial maraqları üçün güdaza verilib.

Beləliklə, ortadakı faktlardan, dəlil və sübutlardan həm də belə nəticəyə gəlmək olar ki, AXCP sədri Ə.Kərimlinin şəxsi gəlirləri bu gün onun rəhbəri olduğu partiyasına etdiyi xəyanətindən irəlin gəlir. Amma buna baxmayaraq, o hazırda da partiyasına üzv olanlardan pul tələb edir, “partiyanın ayaqda qalması” adı altında, daha dəqiq desək, “üzvlük haqqı” deyilən yardımlar alır. Hər halda, bütün bunlar tələb olunan qanunlar çərçivəsində araşdırılmalı və Ə.Kərimli törətdiyi bütün əməllərinə görə cavab verməlidir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə