Neftçalada ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Neftçalada 2010-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2010-cu ildə rayonda ümumi məhsul istehsalının həcmi 2009-cu illə müqayisədə 27,8 faiz artıb. Bu artım sənayedə 13,8 faiz, kənd təsərrüfatında 47,9 faiz, nəqliyyatda 1,1 faiz, rabitə xidmətində 0,4 faiz, ticarət, ictimai iaşə və digər xidmət sahələrində 29,1 faiz, tikintidə 7,7 faiz olub.
Ötən il rayonda 10 yeni müəssisə yaradılmış, 260 fiziki şəxs fəaliyyətə başlayıb. Bu dövrdə rayonda 527 daimi iş yeri açılmış, mövsümi işlərə 760 nəfər cəlb edilib. Əhalinin nominal pul gəlirləri 15 faiz artmış, bir işçinin orta aylıq əmək haqqı 189 manat təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə rayonda aqrar səhədə uğurlu nəticələr qazanılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı 13,5 faiz artıb. Bu dövrdə rayonda diri çəkidə 5 min tondan çox ət, 20,2 min ton süd, 198,9 ton yun, 3 milyon 730 min ədəd yumurta istehsal edilib.
2010-cu ilin məhsulu üçün taxıl əkini sahəsi genişləndirilərək 39 min 666 hektara çatdırılmış, 100,5 min ton məhsul istehsal edilib. Bildirilib ki, 2010-cu ildə rayonda sosial məsələlərin həllinə diqqət artırılmış, bir sıra yeni obyektlər tikilərək istifadəyə verilib. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 1146,6 min manatlıq əsas fondlar istifadəyə verilmiş, rayon iqtisadiyyatının inkişafına 11344,1 min manatlıq əsas kapitala investisiya yönəldilib.
2010-cu ilin yaz aylarında Kür çayının daşması nəticəsində yaranmış problemlərin aradan qaldırılması məqsədilə ölkə başçının tapşırığına əsasən Dövlət Neft Şirkəti tərəfindən Nefçala rayonunda 120-dən çox müxtəlif növ texnikalar bənd bərkitmə işlərinə cəlb edilib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Kür çayının rayon ərazisindən keçən hissəsində Meliorasiya və Su Təssərrüfatı ASC sifarişi ilə 17,7 kilometr uzunluğunda bəndvurma işləri görülüb. Fövqalədə Hallar Nazirliyi tərəfindən təbii fəlakətdən ziyan çəkmiş 59 ailəyə müxtəlif həcmdə yardımlar göstərilmiş, 42 ailə üçün yeni mənzillər tikilib.
Hesabat ilində şəhərin Heydər Əliyev prospektində yeni seyrəngah inşa edilmiş, burada uşaq-əyləncə mərkəzi istifadəyə verilib. Ötən il inşasına başlanılmış 220 şagird yerlik Astanlı kənd orta məktəbinin və 25 yerlik 1 saylı Mayak kənd uşaq bağçasının tikintisi hazırda davam edir.
Toplantıda çıxış edənlər 2010-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı söhbət açmış, işdə yol verilmiş nöqsanları təhlil etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatı Arif Rəhimzadə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB