ABŞ Ermənistandan üz çevirir SİYASİ TƏHLİL

ABŞ Ermənistandan üz çevirir SİYASİ TƏHLİL

Qagik Abramyan: “ABŞ-ın Dövlət Departamenti və “Ağ Ev” növbəti dəfə Paşinyanın xarici siyasətindən narazı qaldıqlarını nümayiş etdirir”

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin daxili və xarici siyasətindəki ardıcıl uğursuzluqları artıq ənənə şəklini alıb və erməni cəmiyyəti bu uğursuzluqlardan ciddi şəkildə təlaş keçirməyə başlayıb. Belə ki, ABŞ-ın Ermənistana və erməni işğalında olan qondarma “DQR”ə maliyyə yardımlarını azaltması, hətta dayandırması məsələsi Ermənistanın ictimai rəyində və ölkə mətbuatında ən çox müzakirə edilən mövzuya çevrilib.

“Paşinyan üçün əsas olan daxili siyasət meydanıdır, oxarici siyasətə kifayət qədər az diqqət yetirir”. SİA xəbər verir ki, bu barədə “tert.am” saytına erməni politoloqu Qagik Abramyan sözügedən mövzu ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ hökuməti “Artsaxa” (dırnaqlar bizimdir-R.N.) maliyyə yardımlarını azaldacaq, Ermənistana gəldikdə isə, burada böyük gözləntilər ümid etməyə ehtiyac yoxdur.

“ABŞ-da təsiredici qüvvəyə malik böyük diasporamız var, lakin biz onu da bilirik ki, KTMT-nin, Avrasiya İqtisadi İttifaqının üzvüyük və Rusiyanın 102-ci hərbi bazası Ermənistanın ərazisində yerləşir”

Abramyana görə, Tramp belə bir düşüncə ilə çıxış edir ki, əgər hansı ölkə ABŞ-dan böyük yardım alır, lakin onun xarici siyasətini dəstəkləmir, onda həmin yardım dayandırılacaq. SİTAT: “Məhz bu mənada bizdə böyük gözləntilər ola bilməz. Halbuki bizim ABŞ-da təsiredici qüvvəyə malik böyük diasporamız var, lakin biz onu da bilirik ki, KTMT-nin, Avrasiya İqtisadi İttifaqının üzvüyük və Rusiyanın 102-ci hərbi bazası Ermənistanın ərazisində yerləşir”.

Beləliklə, erməni politoloqu haqlı olaraq belə nəticə çıxarır ki, Ermənistan ya Rusiyanın, ya da ABŞ-ın yanında olmalıdır, əks halda amerikalıların maliyyə yardımları birdəfəlik kəsilə bilər. Daha doğrusu, Nikol Paşinyan bir əldə iki qarpız tutmaqla, Ermənistanın vəziyyətini daha da gərginləşdirir. Ona görə də Q.Abramyan “Biz onu da bilirik ki, hazırkı məqamda rus-amerikan münasibətləri hansı səviyyədədir. Bəli, ABŞ Ermənistan respublikasında cərəyan edən siyasi məsələlərə yumşaq yanaşır, ancaq mən birmənalı olaraq deyə bilmərəm ki, ABŞ Ermənistana böyük yardımlar edəcək”, deyə ilginc fikirlərini səsləndirib.

“Biz “Artsaxa” yardımın dayandırılması məsələsi ilə qarşı-qarşıdayıq, bu da bizi düşünməyə vadar edir, xüsusilə o planda ki, Tramp hakimiyyəti Nikol Paşinyan hökumətinə hansı mesajı göndərir?”

Qarabağa maliyyə yardımının dayandırılmasına gəlincə, erməni politoloqu bunu təəccüblü və eyni zamanda narahatlıq doğuran kimi qiymətləndirib. Q.Abramyan deyir ki, Amerikanın erməni milli komitəsinin rəhbəri Aram Ambaryanın bildirdiyinə görə, ABŞ-ın “Artsaxa” maliyyə yardımı məqsədini daşıyan və iki ay əvvəl qəbul edilən qanun layihəsi dəyişdirilir: “Bu dəstək ildə 5 milyon dolları təşkil edirdi və proqram USAİD vasitəsi ilə həyata keçirilirdi. Burada məsələ yalnız pul vəsaitlərinin ölçüsündə deyil, məsələ mövcud olan qərarda və mesajdadır. Hazırda biz “Artsaxa” yardımın dayandırılması məsələsi ilə qarşı-qarşıdayıq, bu da bizi düşünməyə vadar edir, xüsusilə o planda ki, Tramp hakimiyyəti Nikol Paşinyan hökumətinə hansı mesajı göndərir? Bununla yanaşı, ABŞ-ın Dövlət Departamenti və “Ağ Ev” növbəti dəfə Paşinyanın xarici siyasətindən narazı qaldıqlarını nümayiş etdirir”.

Erməni politoloqu əsas problemin Paşinyan olduğunu gizlətmir: “Sadəcə baş verənləri bizim hakimiyyətin xarici siyasətindəki növbəti səhvi kontekstində görmək lazımdır. Paşinyan artıq bir ildir ki, Ermənistana rəhbərlim edir və onun üçün əsas olan daxili siyasət sahəsidir. O. xarici siyasətə kifayət qədər az vaxt ayırır”.

Ancaq gəlin görək Nikol Paşinyan yalnız xarici siyasətində ciddi nöqsanlar törədir? Çünki digər məlumat digər nəticələrə də gəlməyə zəmin yaradır.

Nikola qarşı 20 müxalifət partiyasını birləşdirən blok yaradılır - Ermənistanın “Past” qəzeti: “Məlumatlar var ki, yeni müxalifət blokuna kifayət qədər tanınmış siyasi xadimlər, eləcə də ictimai təşkilatlar, ekspertlər daxil olacaqlar”

Misal üçün, Ermənistanın “Past” qəzeti yazır ki, Ermənistanda 20 partiyanı birləşdirəcək yeni müxalifət bloku yaradılır və bu blok birbaşa Nikol Paşinyanın istefasını tələb edəcək. “Ermənistanın daxili siyasətində bu payız yeni və ciddi inkişaf gözlənilir, xüsusilə müxalifət seqmentində”, deyə yazan erməni nəşri qeyd edir ki, hazırda kulisarxası müzakirələr aparılır, lakin oktyabrda yeddi partiyanın konsolidasiyasını əks etdirən və həqiqətdə digər siyasi qüvvələri də birləşdirəcək 20 siyasi gücün bloku formalaşdırılacaq. SİTAT: “Partiyalar artıq “işçi sənəd” deyilən və ictimaiyyətə açıq olan bəyanatını da hazırlayır ki, burada onlar məqsəd və məramlarını açıqlayacaqlar. Məlumatlar var ki, yeni müxalifət blokuna kifayət qədər tanınmış siyasi xadimlər, eləcə də ictimai təşkilatlar, ekspertlər daxil olacaqlar”.

Bütün bunlar isə xəbər verir ki, artıq Ermənistan anti-Paşinyan siyasəti ilə çalxalanmağa başlayır. Erməni baş nazirinin hələ “məxməri inqilab” zamanı yalnız natiqlik edib, vədlər verməsi, indi isə həmin vədlərini yerinə yetirə bilməməsi, o cümlədən, həm daxili, həm də xarici siyasətdə uğursuzluqlara düçar olması öz sözünü deyir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə