"Əlverişli biznes mühitinin qurulması yeni müəssisələr deməkdir" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycanda həyata keçirilən islahatlar, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qəbul olunan qərarlar, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkəmizin əlverişli investisiya mühiti olan dövlət kimi imicini kifayət qədər artırmış və xeyli cəlbedici edib". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, həm yerli, həm xarici iş adamları iqtisadi layihələrini reallaşdırarkən yaradılmış ən nümunəvi sistemin köməyindən yararlanırlar: "İqtisadiyyatın müxtəlif sahələrinə iş adamlarının marağını artırmaq, həmçinin, onları cəlb etmək üçün artıq bütün müasir təcrübə və metodlar öyrənilməklə mükəmməl sistem qurulmuşdur. İlk növbədə məqsəd istənilən maneənin aradan qaldırılması, bürokratik əngəllərin olmaması, məmur-vətəndaş münasibətinin minimuma endirilməsindən ibarətdir. Ölkə başçımızın iradəsi ilə formalaşmış əlverişli biznes mühiti iqtisadiyyatın fərqli sahələrinə əlavə investisiyaların cəlb edilməsini xeyli sürətləndirmişdir və proses davamlıdır. Əlverişli biznes mühitinin qurulması yeni müəssisələr deməkdir, yeni iş yerlərinin yaradılması deməkdir, yeni vergi ödəyicisinin formalaşmasıdır ki, bunun da təsirini ilk hiss edənlər sıravi Azərbaycan vətəndaşıdır. Yəni, ölkəmizdə həyata keçirilən islahatların mərkəzində Azərbaycan insanı, onun rifah halının yaxşılaşdırılması dayanır.
İki gün öncə cənab Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə səslənən fikirlər, ölkə başçımızın çıxışının tezisləri də məhz yuxarıda qeyd etdiyimiz məqamları əhatə edirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa diqqətində, nəzarətində olan sahə kimi sosial-iqtisadi sahədə görülən və görüləcək işlər, reallaşan və perspektiv layihələr ölkəmizin gələcəkdə daha güclü iqtisadi resurslara malik olacağını, iqtisadiyyatın təbii resurslardan, karbohidrogen ehtiyyatlarından asılılığının minimuma endirilməsini şərtləndirir. Və qısa müddətdə bu istiqamətdə xeyli proqressiv göstəricilər əldə edilmişdir. Alternativ yol xəritələri bu istiqamətdə konkret hədəfləri əhatə etmişdir.
Müşavirədə ölkə başçımızın qeyd etdiyi kimi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində uğurlar artıq dünyanın nüfuzlu və ixtisaslaşmış mötəbər qurumları tərəfindən etiraf edilir, açıqlanır və onların bülletenlərində əksini tapır. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın dünyanın 10 ən islahatçı ölkə kimi tanınması dövlət başçımızın bu istiqamətdə iradəsinin ifadəsidir. Azərbaycan reytinqdə qısa müddətdə 32 pillə irəliləyərək 25-ci yerdə qərar tutması sadəcə rəqəmlərlə ifadə olunan göstəricilər deyildir. Bütün bunlar qısa müddətdə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın biznes cəlbediciliyinin beynəlxalq qurumlar tərəfindən təsdiqidir.
Biz bunu hər zaman ifadə etsək də, bəzən öz içimizdən olan, hər şeyi əyri görməyi adət etmiş insanlar əksini dilə gətirirlər. Fərqli münasibətlərdə obyektivliyin müəyyən edilməsi üçün fikrimcə Dünya Bankının açıqlaması uğurlarımıza kölgə salmaq istəyənlərə, reallıqları qəbul etmək istəməyənlərə cavab kimi arqumentlərə söykənən ən tutarlı vasitədir, Azərbaycan Respublikasında reallaşdırılan iqtisadi siyasətin uğurlu olmasının rəqəmlərlə ifadəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB