Yaxud Əli Kərimlinin böyük məyusluq və məğlubiyyət psixologiyasından irəli gələn "Quduzluq effekti"
Son günlər dağıdıcı müxalifət düşərgəsindən, xüsusilə də, AXCP sədri Əli Kərimlinin nəzarətində olan trol qruplarının sosial şəbəkə hesablarından, Sevinc Osmanqızı və Qənimət Zahidin "youtube" kanallarından Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova qarşı bu gün də davam edən məqsədli və məkrli hücumlar başlanıb. Qənimət Zahidin "Azərbaycan saatı" kanalına müsahibə verən Ə.Kərimli Əli Həsənova qarşı hücumların edilməsinə işarə verdikdən sonra total hücum kampaniyası "Osmanqızı", "Azadlıq" qəzeti "youtube" kanallarında, eləcə də, "facebook" hesablarında davam etdirilib. Məğlub və ifşa olunmuş qaragüruhun "psixoloji" üstünlük qazanmaq və özlərinə təsəlli vermək üçün pafoslu və populist başlıqlı videolar və statuslar paylaşmaqla ictimai rəydə çaşqınlıq yaratmağa çalışıblar. Lakin nə fayda, artıq gec idi. Çünki Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Kərimlinin və onun trol qruplarının antimilli mövqeyini, antidövlət fəaliyyətini ifşa etmişdi. Məhz Əli Həsənov son günlər Azərbaycan dövləti ilə bağlı baş verən geosiyasi və geoiqtisadi proseslərə dair ənənəvi məqalə yazısı ilə çıxış edərkən, hər bir azərbaycanlının həyəcanla izlədiyi "Keşikçi dağ" insidentində ölkəmizin milli maraqlarının müdafiəsi üçün Prezident İlham Əliyevin siyasətinə dəstək olduğunu nümayiş etdirdiyi bir zamanda ölkəmizi yeni münaqişəyə cəlb edə biləcək təxribat xarakterli çıxışlar edən AXCP sədri Ə.Kərimlinin və onun trol dəstəsinin xəyanətkar mövqeyini darmadağın etdi.
"Keşikçi dağ" təxribatı baş verərkən Vətənini, ərazi bütövlüyünü düşünən hər bir azərbaycanlı, ilk olaraq, bu hadisədə erməni və ölkəmizi yeni hərbi-siyasi böhrana salmaq məqsədini güdən müxtəlif kəşfiyyat qurumlarının əli olduğunu düşünürdü. Əlbəttə ki, bu və ya digər nöqteyi-nəzərdən, bu mülahizələrə şübhə yoxdur. Təbii olaraq da, Azərbaycan ictimaiyyəti, ziyalılar, gənclər dövlətçilik mövqeyindən çıxış edərək, dövlətimizin təxribata uymaması, insidentin diplomatik və dinc yollarla həll olunmasının vacibliyini qabardırdılar. Amma AXCP sədri Ə.Kərimli və onun trol qrupları, xüsusilə də, Sevinc Osmanqızı və Qənimət Zahid Azərbaycanı yeni hərbi-siyasi böhrana sürükləmək üçün təxribat statusları paylaşır, yayımlar edir, müzakirələr açır, "xüsusi təlim keçmiş ekspertlər" vasitəsilə erməni və maraqlı qrupların mövqeyindən çıxış edirdilər. Bununla, Ə.Kərimli və onun qaragüruhçuları düşmən dəyirmanına su tökmək missiyasını yerinə yetirməklə, Azərbaycan ictimai rəyində çaşqınlıq yaratmaq vəzifəsini reallaşdırmaq istəyirdilər.
Təsəvvür edin ki, Ə.Kərimlinin iddiasına görə, Azərbaycan Gürcüstana müharibə elan etməli idi. Lakin bu "yarımçıq" siyasətçi anlamır ki, Azərbaycan, onsuz da, arxasında böyük güclərin durduğu Ermənistanla müharibə vəziyyətindədir. Belə çıxır ki, Azərbaycan Gürcüstana da müharibə elan etməklə, iki cəbhədə müharibəyə qoşulmalı və sonu görünməyən tunelə girməli idi.

Baxın, budur Ə.Kərimli məntiqi, cəbhəçi düşüncəsi...
Ə.Kərimliyə xatırlatmaq lazımdır ki, özünün dövlət katibi olduğu 1992-ci ildə düşüncəsiz, hesablanmamış və boğazdan yuxarı bəyanatlarla Azərbaycanı bütün dünyaya düşmən elan etmişdilər. Təsəvvür edin ki, Ə.Kərimlinin təmsil olunduğu hökumət Təbrizi azad edib, İranı, uyğurlara azadlıq vəd edib Çini Azərbaycana qarşı çevirmişdilər, Ermənistanın isə dostuna. Eyni dövrün düşüncəsində və ab-havasında olan Ə.Kərimli, görünür, Azərbaycan üçün eyni aqibəti və vəziyyəti arzuladığından, məsuliyyətsiz statuslarla və müsahibələrlə çıxış edir...
Məhz Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözügedən məsələdə faktlarla Ə.Kərimlini ifşa etməsi, bütövlükdə, cəbhəçilərə tarix və siyasət dərsi keçməsi onlarda böyük məyusluq və məğlubiyyət psixologiyasından irəli gələn quduzluq effekti yaradıb. Onları hədəqədən çıxaran isə, Əli Həsənovun aşağıdakı fikirləri olub:
- Tərəfdarlarının sayı "Keşikçi dağ"da Azərbaycan əsgərini təxribata çəkmək istəyənlərdən bir o qədər də çox olmayan AXCP sədri Ə.Kərimli və ətrafı neçə gün dalbadal həmin insidentin böyüməsinə dəstək verərək, sosial şəbəkələrdə "zəif və iradəsiz hakimiyyət" obrazı yaratmağa çalışdı, dövlət rəsmilərinin bu istiqamətdəki soyuqqanlı qərarlarını, təmkinli, ölçülü-biçili bəyanatları və fəaliyyətini təhrif etdi, əllərinə fırça alaraq, Silahlı Qüvvələrimizin reputasiyasına qara yaxmaq istiqamətində xarici şəbəkələrdə əməlli-başlı "rəssamlıq" etdilər. Açıq desək, Azərbaycanı və Gürcüstanı qarşıdurmaya, konfliktə sürükləyərək zəiflətmək, bununla, özlərindən
asılı vəziyyətə salmaq istəyən qüvvələrin qurduğu bu oyuna əyinlərinə "Milli Şura" forması geyinən Ə.Kərimli və dəstəsi, məhz təxribatçı rolunda qatıldı. Odur ki, mən, ilk növbədə, siyasi davranışları dövlət və idarəçilik zehniyyətinə tərs mütənasib olan, "bir dövləti qurmağa uzun illər, dağıtmağa isə bir neçə saat lazımdır" həqiqətini hələ də dərk etməmiş Ə.Kərimliyə həmin aforizmin müəllifi, məşhur ingilis şairi və siyasətçisi Lord Bayronu oxumağı yox, daha çox öz keçmişinə nəzər salmağı tövsiyə edirəm...
Bunlarla yanaşı, tarixin silinməz səhifələrindən də faktlar gətirən Əli Həsənov bu gün özü haqqında "müştəbeh" obraz formalaşdıran Ə.Kərimliyə "öldürücü" zərbələr endirib. Diqqət yetirin:
- Heç kim unutmayıb ki, Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin Surət Hüseynovun hərbi qiyamının qarşısını almaq üçün Gəncəyə göndərdiyi bütün yüksək vəzifəli şəxslər bir neçə günün içərisində bir-birinin ardınca əsir düşdülər. Onlar heç də sərhəddə keşik çəkən gənc əsgər deyildilər, hər biri onlarla silahlı cangüdənlərin müşayiətilə gəzən, dövlətin, xalqın təhlükəsizliyinə cavabdehlik daşıyan "məsuliyyət" sahibləri idilər. Nədənsə, 709 saylı hərbi hissənin heç həndəvərinə çatmamış "məsuliyyət" hisslərini də, silahlarını da, bəziləri, hətta simalarını da itirdilər. Hər halda, Ə.Kərimli çox yaxşı xatırlamalıdır ki, onun dövlət katibi olduğu hakimiyyətin baş prokuroru bir sillədən sonra öz prezidentinin həbsinə sanksiya verdi. Elə, silahdaşlarının məlumatına görə, Ə.Kərimlinin özü də Əbülfəz Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola, öz sədrinin əleyhinə "Azadlıq" qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Əlbəttə, bu faktdan sonra Ə.Kərimli ilə həmin baş prokuror arasında hansısa mənəvi keyfiyyət fərqinin olmadığı aydın görünür. Elə cəsarət fərqindən də çox danışmağa, məncə, ciddi lüzum yoxdur. Çünki 1993-cü ilin yayında Ə.Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlara cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənə-gizlənə xidməti avtomobilinə oturaraq qaçmasının şahidləri, hələ ki, sağdırlar...
Elə bu faktlar idi ki, Ə.Kərimlinin hansı səviyyədə bir yalançı, "yarımçıq" siyasətçi və pis blogger olduğunu ictimaiyyətə göstərdi. Elə bu səbəbdən də, AXCP sədri haqqında yaratdığı mifin dağıldığını görüb hücuma keçdi, şər-böhtan kampaniyası başlatdı. Onun "Azərbaycan saatı" kanalında Qənimət Zahidlə sifarişli müsahibəsində yuxarıda verdiyimiz Əli Həsənovun məqaləsindən hissələrdəki hər bir sözə "cavab" verməklə, əslində, özü də isbatladı ki, artıq ifşa olunub, gecdir...
Onun trol dəstəsinin Əli Həsənova qarşı hücumları isə obrazlı şəkildə desək, kaftar sürüsünün aslana hücum edib zingildəyərək, geri qaçmasına bənzəyir. Bunu da zaman özü isbatlayacaq...
Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkiları GB sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB