Arif Hacılının növbəti mühacir biznesi ifşa olundu
Neçə illərdir ki, "siyasi mühacir", "mühacir biznesi" adları altında müxalifət düşərgəsində tozanaq səngimək bilmir. 25 ildən çoxdur ki, xüsusilə, AXCP və Müsavat partiyalarının dələduz rəhbərləri bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları haqda yalanına imza atır, bunun müqabilində "siyasi mühacir" bizneslərini, necə deyərlər, inkişaf etdirirlər.
Bununla da, Avropada baş verən hadisələrin törədiciləri, ya Əli Kərimlinin, ya da Arif Hacılının "yastığı altından" çıxanlar olur. Dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlərin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdirlər ki, onlar köçdükləri ölkələrdə də bu fəaliyyətlərini davam etdirərək, bənzər cinayətlərini təkrarlayırlar.
İstər Ə.Kərimli, istər A.Hacılı və yaxud da İ.Qəmbər kimi satqın və əxlaqsızların törəmələri də özləri kimi, cinayətkar olaraq qalmaqdadırlar. Məhz buna görə də, bu gün Azərbaycanda müxtəlif cinayətlər törədən şəxslərin dərhal "siyasi məhbus" siyahılarına salınmaları kimi hallar daha ağır fəsadlara yol açır. Belə şəxslər azadlığa çıxdıqdan dərhal sonra bu ad altında xarici ölkələrə köçür, sonradan cinayətkar əməllərin, hətta göründüyü kimi, qətl hadisələrinin, bilavasitə iştirakçılarına çevrilirlər. Görünən isə, budur ki, adlarının baş verən hər hansı hadisələrin hər birinin günahı "siyasi mühacir" adı ilə alver edən AXCP, Müsavat və s. siyasəti bazara çevirən partiya rəhbərlərindədir.
Son 6 ayda 483 vətəndaşa - Müsavat üzvünə saxta arayış verilib
Müsavatın "siyasi mühacir" alverinin miqyasını ifşa edən "Yeni Müsavat" qəzetinin yazarı olmuş Elbəyi Həsənli öz "Facebook" statusunda qeyd edib ki, A.Hacılının rəhbərliyindəki komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı saxta arayış verib: "Bəllidir ki, Azərbaycanda nə dövlət, nə də özəl idarələrə belə arayış gərək deyil. Bu arayışların yalnız mühacirət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Müsavat partiyası "6 ayda 483 arayış"la bağlı rəsmi açıqlama versin".
E.Həsənli, onu da yazır ki, A.Hacılı hansı üzlə özünü təmizə çıxarır: "A.Hacılı saxta arayışın qiymətini "fil belinə qaldırıb", adamda abır-həya olar. Bir də mənə Müsavat partiyasına görə oturum versəydilər belə, burada qeyri-adi bir şey olmazdı. Ən azı, mən partiya sıralarına daxil olduqdan 9 il sonra Avropya üz tutmuşam. İndikilər bəzən 9 saat ərzində partiya vəsiqəsi, arayış və İ.Qəmbərlə, A.Hacılı ilə foto əldə edib, Avropaya yollanırlar. Təbii ki, müvafiq ödənişdən sonra".
Yadigar Sadıqlı: "Dəfələrlə təklif etmişik ki, İsa Qəmbər və Arif Hacılı bu arayışların verilməsini dayandırın, ancaq üzərinə gedəndə, bizə şər atırlar"
Müsavatın sabiq başqan müavini Yadigar Sadıqlının dediyinə görə, partiyada nə İsa Qəmbər, nə də Arif Hacılı dövründə heç bir şəffaflıq olmamışdı: "Hər ikisinin böyük günahları var. Çünki şəffalığa yol vermirlər. Elan olunub ki, A.Hacılının başqan olduğu dövrdə, 197 nəfərə arayış verilib. Hətta biz divan üzvlərinə bu 197 nəfərin kim olması barədə məlumat verilməyib. Elə ona görə də, bununla bağlı partiyamızı müdafiə edə bilmirik".
Y.Sadıqlı onu da qeyd edib ki, dəfələrlə arayışların verilməsinin dayandırılması tələbi ilə partiya rəhbərliyi qarşısında məsələ qaldırılıb: "Dəfələrlə təkif etmişik ki, bu arayışların verilməsini dayandıraq. Partiyanı bu məsələlərdən uzaq tutaq. Hətta Müsavat partiyasının müəyyən müddətə arayış verilməsinə moratorium elan etməsini təklif etmişik. Buna əks-arqumet irəli sürürlər ki, partiya üzvünün arayış alma hüququ var. Bildirdik ki, heç bir üzvün hüququ partiyanın imicindən artıq deyil. Buna baxmayaraq, təklifimiz qəbul olunmayıb. Biz isə, çox da üzərinə gedəndə, başlayırlar bizlərə şər atmağa ki, hökumət də, siz də bu siyahını öyrənmək istəyirsiniz. Məqsədiniz nədir? Yəni bizi hökumətlə iş birliyində ittiham edirlər".
Y.Sadıqlı Müsavatdan arayış alıb mühacirətə gedənlərin yaratdığı "AKM"-in fəaliyyətini doğru hesab etmir: "Nəticələr göstərir ki, bu təşkilatın yaranması uğursuz işdir. Baxırsan ki, Avropada 200 nəfərlə tədbir keçirirlər. İnsanlarda sual yaranır ki, burada tədbir keçirəndə, 200 nəfər adam toplaya bilmirsiniz, Avropada 200 nəfər müsavatçı nə edir? Şəkillərə baxırlar və deyirlər ki, bunlara nə təzyiq olub ki, çıxıb gediblər? Bununla bağlı paylaşanda, sual edirlər ki, "bəy, bu insanlara hansı təzyiq olub ki, onlar ölkədən çıxıb gediblər?" Açığı, mənim onlara veriləcək cavabım yoxdur. Hesab edirəm ki, Müsavat burada heç nə qazanmır. Əskinə, bu problem partiyaya ziyan vurur. Bunun qarşısını mütləq almaq lazımdır ".
Əli Orucov: "Başqalarını saxtakarlıqda ittiham edənlərin saxtakarlıqlarını görəndə, heyrətə gəlirsən"
AMİP siyası şurasının üzvü Əli Orucov isə, bildirib ki, bu cür saxtakarlıq halları cəmiyyətdə hər zaman qınağa tuş gəlib: "Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görüncə və eşidincə, heyrətə gəlirsən. Belə hallar həm əsl siyasi mübarizə aparan insanlara hörmətsizlik, həm də dövlətə qarşı təxribat və gözdənsalmadır. Məncə, hüquq-mühafizə orqanları bu məsələnin izinə düşməlidir. Onlar bütün saxtakarlıq və "mühacir" "ixracının" izinə düşüb, bunu ifşa etməli və eyni zamanda, hüquqi ölçü götürməlidirlər. Sabah, doğrudan da, hansısa müxalifət fəalı incidilsə, buna inanılmayacaq. Məncə, məsələ çox ciddi olduğundan, ciddi də tədbirlər görülməlidir".
Göründüyü kimi, istər Müsavat, istərsə də AXCP kimi dələduzların pul qazanmaq üçün hər hansı bir çirkin oyunlara əl atmaqla, Azərbaycanın beynəlxalq imicinə ləkə gətirməyə cəhd etməyə çalışsalar da, bu dələduzların dəllallığı ancaq öz başlarına bir əngəl olmaqdaq başqa, bir şey deyil. Bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB