Ermənistanın hüquq-mühafizə, ədliyyə və məhkəmə sistemi çöküb ANALİTİK
Ölkə mətbuatı “SOS” həyəcan siqnalını verir
Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdən başlayaraq hazırkı zamana qədər bir çox sahələrdə uğursuzluqlara düçar olması artıq erməni ictimai rəyinin ən çox danışdığı mövzulardanır. O cümlədən, erməni KİV-ləri də ard-arda gələn çatışmayan cəhətlərdən, problemlər və gözlənilən digər proseslərdən yazaraq, demək olar ki, “SOS” həyəcan siqnalını verirlər. Belə sahələrdən növbətiləri hüquq-mühafizə və məhkəmə sistemləridir. Artıq belə anlaşılır ki, işğalçı dövlətin bu sistemləri sıradan çıxmaqla yanaşı, yeniləşə bilmir.
“Past” qəzeti: “Hakimiyyətin sorosçu qanadı hakimlərin təmizliyini yoxlamaq məsələsində fəallıq göstərirlər”
Belə ki, ölkənin “Past” qəzetinin yazdığına görə, Ermənistanın məhkəmə və hüquq sferasında anlaşılmayan proseslər davam edir. “Bir neçə gün əvvəl belə söz-söhbət gəzirdi ki, Nikol Paşinyan tərəfindən elan edilən vettinq prosesi Ali məhkəmə şurası tərəfindən aparılacaq”, yazan erməni nəşri qeyd edir ki, buna qədər isə, bu barədə danışarkən, vettinqin yaradılacaq xüsusi komissiya tərəfindən aparılacağı deyilirdi.
Beləliklə, nəşrə mövzu ilə bağlı yeni məlumatlar daxil olub. “Bizim mənbələrin verdikləri məlumatlara görə, həqiqətdə vettinq adlandırılmayacaq bu proses sadəcə hakimlərin vicdanla xidmətlərini araşdıracaq, o cümlədən, beynəlxalq ekspertlər tərəfindən müxtəlif işlər aparılacaq: “Belə məlumatlar da var ki, bu mövzuda erməni ekspertlərinin sayı minimal olacaq, kimlər ki, orada təmsil olunacaqlarsa, onlar da müəyyən dairələrin nümayəndələridirlər”.
Lakin adıçəkilən erməni nəşri daha ilginc məqama toxunaraq yazır ki, prosesdə xüsusilə Levon Ter-Petrosyanın adamları iştirak edəcəklər. Ancaq daha bir məqam həmin mövzuda daha çox fəal olanlardır. “Məlumatlara görə, bu mövzuda ən çox fəal olanlar Paşinyan hakimiyyətinin sorosçu qanadı olacaq. Onlar Ali məhkəmə şurası ilə bir neçə dəfə görüş keçiriblər”, deyə “Past” yazıb.
Beləliklə, guya məhkəmə daxilində təmizlənmə işlərinin aparılması görüntüsü yaradılsa da, ermənilər bu dəfə də müəyyən dairələrdəki adamları vasitəsi ilə hüquq sisteminə yiyələnmək istədiklərini heç də gizlətmirlər.
“Joxovurd”: “İstintaq icrası xidmətində kadr talanı davam edir”
Ermənistanın digər nəşri “Joxovurd” isə yazır ki, ölkənin İstintaq icrası xidmətinin rəisi Artur Qoyunyan dörd müavinlərindən ikisini işdən azad etsə də, bu dövlət idarəsində kadr talanı davam edir.
Nəşr xatırladır ki, müavin kimi qalan Varqes Tsaxikyan Ədliyyə nazirliyinin adıçəkilən xidmətində 2006-cı ildən çalışır və 15 iyun 2018-ci ildən həmin xidmətin rəis müavini vəzifəsinə seçilib. Ancaq bunun da səbəbləri var. SİTAT: “Adıçəkilən idarədən bildirilir ki, Tsaxikyanın öz işində qalıması müəyyən köklərlə bağlıdır. Belə ki, o baş nazirin müavini Tiqran Avinyanın xalası oğludur, ona görə də digər həmkarları ilə birgə həmişə üstün mövqedə dayanır”
Bütün bunlar isə sübut edir ki, Ermənistanda kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, orada köhnə rejimin işartıları qalmaqda davam edir. Bu isə söz yox ki, erməni ictimai rəyində narazılıqların artacağından xəbər verən faktordur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB