"Azərbaycanın iqtisadi göstəriciləri kifayət qədər böyükdür" ÖZƏL-ŞƏRH
“Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə bir növ hesabat xarakteri daşıyırdı”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, müşavirədə ötən dövr ərzində görülən işlər və qarşıda dayanan vəzifələrlə bağlı geniş çıxışlar oldu: “Düşünürəm ki, Azərbaycanın iqtisadi göstəriciləri kifayət qədər böyükdür. Bu həm cənab Prezidentin, həm də aidiyyatı dövlət qurumlarının rəhbərlərinin, nazirlərin çıxışından da aydın görünür. Hesab edirəm ki, ötəngünkü müşavirə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı, ölkəmizdə həyata keçirilən işlər, layihələrlə bağlı böyük bir təqdimat idi. Bu təqdimat Azərbaycanın daha da yüksək dinamik və iqtisadi inkişafına mühüm töhfələr verəcək.
Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırılıb. Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardım proqramının icrası davam etdirilərək, ötən ilin son ayında orta aylıq məbləğ 189 manata çatdırılıb. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin həyata keçirdiyi sosial siyasətin əsas tərkib hissəsidir. Bu diqqət və qayğı cari ilin ilk aylarında atılan addımlarda da özünü aydın göstərir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən özünüməşğulluq proqramına cəlb olunanların əksəriyyəti də məhz ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələridir”.
V.Rəhimzadə onu da əlavə edib ki, atılan hər bir addım bu reallığı göstərir ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır. Son bir ayda vətəndaşlara sevinc bəxş edən addımlar sırasında minimum əməkhaqqının, pensiyaların artırılmasını, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə, sosial müavinətlərin, təqaüd sisteminin təkmilləşdirilməsinə dair, həmçinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında sərəncamların imzalanmasını qeyd etməliyik. Bütün bunlar bir daha sübut edir ki, davamlı inkişafı, yüksək rifahı həyata keçirilən siyasətin əsas prinsipi kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasını daim diqqət mərkəzində saxlayır.
O deyib: “Prezident İlham Əliyev daim bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanlar bir daha ölkə Prezidentinin qərarlarının bütün dünya üçün sosial inqilab nümunəsi olmasına işıq salır. Belə ki, son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar olaraq enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bunun nəticəsi olaraq əhalinin müəyyən hissəsinin ödəmə qabiliyyəti zəiflədi, xarici valyutada kredit almış vətəndaşların banklar qarşısında öhdəlikləri artdı, məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxaldı. Dövlətimizin başçısının məlum Fərmanı son dövrlərdə ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına, iqtisadi inkişaf templərinin bərpa edilərək maliyyə imkanlarının genişlənməsinə, həmçinin əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün şərait yaratmışdır”.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə manatın devalvasiyasından sonra müzakirə olunan əsas məsələlərdən biri məhz əhalinin xarici valyutada kreditləri ilə bağlı oldu. İctimai müzakirələr keçirildi, dövlətimizin başçısının tapşırığına uyğun olaraq hökumət bu istiqamətdə fəal iş apararaq təkliflərini səsləndirdi. Məsələ ilə bağlı Milli Məclisdə də müzakirələr keçirildi.
“Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür”,- söyləyən V.Rəhimzadə bildirib ki, atılan bu addım vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB