Pənah Hüseyn Əli Kərimlini "müxalifətin lideri" kimi qəbul etmir
AXCP-Müsavat arasında qarşıdurma yenidən gündəmə gəlib. Doğrudur, bu ziddiyyətlərin baş verməsi nə birinci, nə də sonuncu deyil. Necə deyərlər, "iki qoçun başı bir qazanda qaynamaz" iddiasında olan hər iki partiya "liderləri" 25 ildir ki, boş və köhnəlmiş təfəkkürlə "mənəm-mənəm"liklərindən əl çəkmirlər. Bugünkü ziddiyyətin səbəbi isə, AXP sədri Pənah Hüseynin İsa Qəmbərə dəstək olması və "İsa Qəmbər başqan olmasa da, öz yerindədir", Əli Kərimli isə, düşərgənin üz qarasıdır" deməsi aləmi bir-birinə qatıb.
Pənah Hüseyn: "Satılandan "müxalifətə lider" olmaz"
P.Hüseyn, onu da bildirib ki, Ə.Kərimli satqın adlanır, belə olan halda satılandan lider olmaz: "Ona görə də, AXCP sədri Ə.Kərimli deyil, məhz İ.Qəmbər "ana müxalifət lideri"dir". Ə.Kərimli də baş verən hər imkandan istifadə edərək, İ.Qəmbəri "vurmaq" üçün AXP sədrinin sözlərinə, özünə sərf edən tərzdə, aydınlıq gətirərək bildirib ki, P.Hüseyn demək istəyib ki, o, partiyanın başqanı olmasa da, oranı idarə edir, eyni zamanda, "ana müxalifətçi" olaraq, öz yerindədir.
Növbəti kəskin qıcığın yaranmasına, digər bir səbəb isə, P.Hüseynin "Müsavat başqanı Arif Hacılı heç vaxt istəməz ki, partiyanın növbəti qurultayında İ.Qəmbər yenidən öz yerinə geri dönsün" deməsi olub. Göründüyü kimi, ikibaşlı oyun oynamağa adət edən dağıdıcı düşərgə sakinləri ara qarışdırmaq üçün qaşınmayan yerdən qan çıxarmağı siyasi mübarizə hesab edərək, sakit otura bilmirlər. Görünür, elə buna görə də, ortada qalıblar. Digər tərəfdən, AXCP sədri Ə.Kərimli əzəli və əbədi düşməni elan etdiyi Müsavatın "ana müxalifət" partiyası olmasına qarşı fəaliyyət göstərməkdədir. Nəticədə, AXP sədri P.Hüseynin fikirləri hər iki siyasi müxalifət partiyalarında kəskin qıcıq yaradıb.
Beləliklə, fakt budur ki, P.Hüseyn, quyuya daş atıb və bu daş, quyu əvəzinə, iki partiyanın - AXCP-nin və Müsavatın bostanına gedib düşüb. Bu hal isə, daha bir ehtimalı şərtləndirir - P.Hüseyn, kimsədən gizlətmədiyi Qəmbərpərəstliyini, indi açıq-aydın sərgiləyir, yəni reklam edir. Burada isə, Müsavatın eks-başqanı ilə müəyyən razılaşmanın da olduğunu istisna etmək olmaz. Daha doğrusu, İ.Qəmbər əlində olan son rıçaqlarını istifadə edib, müxalifətə yeni statusda - "ana müxalifət" lideri statusunda geri dönməyi qarşısına məqsəd qoyub. Ancaq göründüyü kimi, bu, ona elə də asan başa gəlməyəcək. Çünki onun qarşısını kəsən iki siyasi müxalifət partiyasının radikal baxışlı rəhbərliyi var - Əli Kərimli və Arif Hacılı.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB