Azərbaycan idmançıları idman tariximizə uğurlu səhəfələr yazırlar

Azərbaycan idmançıları idman tariximizə uğurlu səhəfələr yazırlar


Dövlət başçısının Sərəncamı ilə Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə idmançılarımız və onların məşqçiləri mükafatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə, bütün sahələrə olduğu kimi, idmanın inkişafına da xüsusi diqqət və qayğı göstərir. Buna görə də, ölkəmiz son illərdə, idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib və idmanın kütləviliyi təmin edilib. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində, Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da, getdikcə daha uğurlu olur.
İDMANÇILARA FƏXRİ ADLARIN, MÜKAFATLARIN VERİLMƏSİ İDMANA, İDMANÇILARIMIZA OLAN DİQQƏTİN DAHA BİR NÜMUNƏSİDİR
Paytaxtımızda təşkil edilən "Bakı-2015" ilk Avropa Oyunları bu oyunların standartlarını müəyyənləşdirdi və idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, yaddaşlardan silinmir. Belə ki, atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) "Bakı-2017"nin ən güclüləri oldular. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yaxınlarda Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. İdmançılarımıza ayrılan diqqətin daha bir nümunəsi olaraq, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Sərəncama əsasən, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat, milli yığma komandaların baş məşqçilərinə, ən yüksək nəticə göstərmiş bir idmançıya görə, şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) müəyyən edildi. Göründüyü kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə idmançılara Fəxri adların, mükafatların verilməsi idmana və idmançılarımıza olan diqqətin daha bir nümunəsidir.
Bu günlərdə paytaxtımızda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində Azərbaycan idmançıları növbəti zəfərlərini qazandılar. Dünyanın 7 gün ərzində izlədiyi XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı. Bu, Azərbaycan idman tarixinə daha bir səhəfə yazmış oldu. Onların bu uğuru diqqətdən kənarda qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat, ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat, üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat, komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə, şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.
AZƏRBAYCAN SÜLH, DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ DƏYƏRLƏRİNİ ÖZÜNDƏ EHTİVA EDƏN OLİMPİYA HƏRƏKATININ TƏŞVİQİNƏ BÖYÜK DƏYƏR VERİR
Bütün bunlar, onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi, Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.
Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən, Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya Hərəkatının təşviqinə böyük dəyər verir. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan tolerantlığı və sivilizasiyalararası dialoqu təşviq etməklə yanaşı, Şərq ilə Qərb arasında körpü rolu oynadığını nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə