Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Beynəlxalq İnformasiya Mərkəzinin sədri, "Milli Qəhrəman" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin təşkilatçılığı ilə şəhid Fərid Əhmədovun doğum günü qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, milli qəhrəmanların ailə üzvləri, şəhidin yaxınları iştirak edib.
Tədbiri giriş sözü ilə açan F.İsmayılov Azərbaycan xalqının qəhrəmanlığının həmişə dillər əzbəri olduğunu bildirib. O, qeyd edib ki, vətən uğrunda canından keçən insanların yad edilməsi xalqın saflığının göstəricisidir. Azərbaycan xalqının qanında vətənə sədaqət hissinin olduğunu dilə gətirən YAP Yasamal rayon təşkilatının sədri Azərbaycan gənclərinin F.Əhmədov, o cümlədən Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından həmişə nümunə götürəcəyini söyləyib.
Mirbəşir Seyidzadə F.Əhmədovun qısa, eyni zamanda şərəfli həyat yolu keçdiyini dilə gətirib. Prezident İlham Əliyevin səyi nəticəsində F.Əhmədovun cəsədinin Azərbaycana qaytarıldığını deyən M.Seyidzadə söyləyib ki, F.Əhmədov və Mübariz İbrahimovun cəsədinin qaytarılması Azərbaycan xalqı üçün baş ucalığıdır.
F.Əhmədovun anası Nərgiz Əhmədova oğlunun vətəni anasından üstün tutduğunu bildirib. Digər çıxış edənlər də F.Əhmədovun qəhrəmanlığının hamı üçün örnək olduğunu, bu qəhrəmanlığın həmişə Azərbaycan xalqının yaddaşında qalacağını vurğulayıb.
Qeyd edək ki, F.Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında cəbhə xəttində qəhrəmancasına həlak olub. Düşmən tərəfində qalan F.Əhmədovun cəsədi Prezident İlham Əliyevin xüsusi səyi nəticəsində 6 noyabrda Azərbaycana qaytarılıb. Dövlət başçısının 7 noyabr 2010-cu il tarixli sərəncamı ilə F.Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB