Qəbələ XI Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirir
Mübaliğəsiz deyə bilərik ki, Azərbaycanın bu gün dünyanın istənilən qitəsindən səsi eşidilir. Hər bir məkanda Azərbaycan artıq imicini formalaşdırıb və onunla bağlı dolğun fikirlər mövcuddur. Neçə onilliklər əvvəl, əgər Azərbaycan məfhumu o qədər də geniş olan coğrafi məkanda tanınmırdısa, müasir dünyamızda hər tərəfdən - şimal, cənub, şərq, qərb tərəfdən qapısını dünyaya açaraq tarixi keçmişi ilə müasir həyatını təqdim edir. Ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı, "Bakı-2015" ilk Avropa Oyunları, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, beynəlxalq sərgilər və sayı hesaba gəlməyən onlarla belə beynəlxalq tədbirlər Azərbaycanın ictimai-siyasi və mədəni həyatı ilə bağlı həqiqətləri dünyaya bəyan edir. Sərhədləri aşan məmləkətimizin, qısa müddət ərzində, əldə etdiyi uğurlar yüksək inkişaf səviyyəsinin göstəricisidir. Bu, əlbəttə ki, dövlət siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir.
Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə meydan verir. Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsin verir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, "Muğam aləmi" Festivalının təşkil, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" Musiqi Albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan oldu. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olundu. Bütün bunlar Azərbaycan mədəniyyətinin beşiyi kimi dünyaya tanıdılmasında əsas vasitədir.
QƏBƏLƏNİN ADI BEYNƏLXALQ TƏDBİRLƏRİN TƏŞKİL OLUNDUĞU ŞƏHƏRLƏRİN ADLARI İLƏ BİR SIRADA ÇƏKİLİR
Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihələri sırasında xüsusi yer tutan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya musiqiçilərini bir araya gətirərək, Azərbaycan diyarı və onun musiqisi haqqında çox məqamları qonaqlara təqdim edir. 2009-cu ildən, ənənəvi olaraq, keçirilən festival digər mədəniyyət layihələri kimi, beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində Qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada çəkilməsi uğurlardan xəbər verir. Qeyd etdiyimiz musiqi bayramında iştirak edən dünya ölkələrinin təmsilçiləri festival, Qəbələ ilə bağlı təəssüratları hər zaman zəngin olmuşdur. Bu ecazkar diyarda açıq havada kamera, simfonik musiqi və muğamı sənətindən nümunələr dinlənilir. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirakı və mötəbər tədbirin əks-sədası dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkir. Eyni zamanda, Qəbələ Festivalı musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa da öz töhfəsini verir. Bu layihə bütün dünyada mədəniyyətin inkişafına təkandır. Qəbələ Festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır.
XI QƏBƏLƏ BEYNƏLXALQ MUSİQİ FESTİVALINDA 11 ÖLKƏDƏN MUSİQİÇİLƏR ÇIXIŞ EDƏCƏK
Dünyanın fərqli məkanlarında səslənən musiqilər, özünəməxsus və valehedici ifada Qəbələdə canlanaraq, bu il də hər bir musiqisevərin zövqünü zənginləşdirəcək. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə keçiriləcək XI Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərini bir araya gətirəcək. Xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl bir ənənəyə çevrilən festival bu dəfə iyulun 31-dən avqustun 5-dək davam edəcək.
Festivalın təntənəli açılış mərasimi avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində baş tutacaqdır. Festivala müxtəlif musiqi janrlarında çıxış edən görkəmli musiqiçilər, solistlər və dirijorlar qatılacaq. Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dəvət olunan dünya şöhrətli dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, eləcə də, Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu kimi musiqiçilər və digərləri çıxış edəcəklər.
Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, "Kiyev virtuozları" simfonik orkestri, "Clarte" klarnet kvarteti, Trio Mirakulum (Türkiyə) məharətlərini səhnədə nümayiş etdirəcək.
Xalq artistləri Murad Adıgözəlzadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların zövqünü oxşayacaq. Festivalda, həmçinin, dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş "Oksana Yablonskaya və məktəbi" adlı konsert keçiriləcək.
Hər il olduğu kimi, bu il də festival çərçivəsində "Muğam axşamı" təşkil olunacaq. Muğamsevərlər "Naz-nazı" Muğam Qrupunun çıxışından zövq alacaq.
Möhtəşəm musiqi bayramı olan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına, ənənəvi olaraq, böyük töhfə verəcəkdir.
Əlbəttə ki, ölkəmizə gələcək festival iştirakçıları bir daha Azərbaycandakı mühitin, qonaqpərvərliyin, fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Ölkəmizin dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB