Azərbaycan-Fransa əlaqələri daha da genişlənir

Azərbaycan-Fransa əlaqələri daha da genişlənir

Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən, Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Dünyada etibarlı tərəfdaş imicini ölkəmizə qazandıran beynəlxalq layihələrdə göstərilən etimad, Bakıda keçirilən nəhəng beynəlxalq tədbirlər, yarışlar, dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi təsdiq edir. Regionda və dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını, birmənalı şəkildə, göstərmiş olur. Bu sırada Azərbaycan-Fransa əlaqələrini də qeyd etməliyik. Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi, Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Azərbaycan və Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri və məsələləri haqqında sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulunda bu ölkəyə səfəri və səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşü ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadı.Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri mövcud əlaqələrin və münasibətlərin daha bir təzahürünə çevrildi. Belə ki, bu səfər Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləmiş oldu. Səfər çərçivəsində Mehriban xanım Əliyeva bu ölkənin Baş naziri Eduard Filip ilə görüşü zamanı ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək, bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdi.

İQTİSADİ ƏLAQƏLƏR AZƏRBAYCAN-FRANSA ARASINDAKI ƏLAQƏLƏRİN DAHA DA GENİŞLƏNMƏSİNƏ TÖHFƏLƏR VERİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bu münasibətlərin yüksələn bir xətlə inkişafda olduğunu bir daha təsdiq edir. Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan, biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Əlbəttə ki, iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin inkişafında xüsusi yer tutur. Bu sahədə müşahidə edilən müsbət dinamika Azərbaycanla Fransa arasındakı əlaqələrinin daha da genişlənməsinə töhfələr verir. Ölkələr arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər amillər əməkdaşlıq sahəsində əhəmiyyət kəsb edir. Görüş çərçivəsində dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur və Azərbaycanda 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. Qeyd edək ki, Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərməsi və onların həm investor kimi, həm də podradçı qismində bu gün bir çox layihələrdə iştirakı önəmlidir. Fransanın "Elf - Aquitaine" şirkəti "Şahdəniz" neft yatağının istismarına dair müqaviləyə qoşulub. Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın "Total" və "Elf - Aquitaine" şirkətləri arasında Azərbaycanın "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb.
Məlumdur ki, cari ildə Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədləri - Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında "Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub Nəqliyyat Dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair Konvensiya"nın, "Azərbaycan Mərkəzi Bankı ilə "Rotchild & Cie" Bankı arasında Strateji Əməkdaşlıq Sazişi"nin, "Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi"ni və digər sənədlər imzalanıb ki, bu da, mövcud əlaqələrin daha da inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyərək, bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
AZƏRBAYCAN-FRANSA MÜNASİBƏTLƏRİ QARŞILIQLI HÖRMƏT VƏ MARAĞA ƏSASLANIR
Ölkəmizlə Fransa arasında əlaqələrinin inkişafından danışarkən, humanitar sahədə olan əməkdaşlığı da vurğulamalıyıq. Bu əlaqələrin tarixi kökü olsa da, bu gün yeni müstəvidə inkişafdadır. Azərbaycan dövləti Luvr Muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub. Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına, musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunubdur. Keçmişə nəzər salsaq, Fransa-Azərbaycan mədəni tellərini sadalamaq da mümkündür. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin "Femina" Teatrında fransız dilində tamaşaya qoyulmuş "Arşın mal alan" operettası, Fransada vaxtilə nəşr olunan "Qafqaz" jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına "Banin" imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bütün bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər.
Müasir dövrdə müstəqil Azərbaycan, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Fransa dövləti ilə əlaqələrini möhkəmləndirir və çox yüksək dəyərləndirir. Fransanın paytaxtında və regionlarında Azərbaycanın mədəniyyət günləri təşkil olunur, müxtəlif sərgilər, festivallar və konsertlər keçirilir. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Azərbaycanın paytaxtı Bakıda fransız liseyi fəaliyyət göstərir. Bakıda Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı bu əlaqələrin daha da inkişafına töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, əgər ilkin olaraq, Azərbaycanda fransız liseyi açılmışdırsa, indi isə, artıq universitet də fəaliyyət göstərir. Qeyd edək ki, bu ali təhsil ocağı 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb. Bu, ölkələr arasında əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində daha bir addım oldu.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib.
Görülən işlər xalqlar və ölkələr arasında dostluq əlaqələrini genişləndirib. Bu münasibətlər qarşılıqlı hörmət və marağa əsaslanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə