Demokratiya adı altında diktatura

Samvel Babayanın kabinetində çox şey baş nazir Nikol Paşinyanın qərarından asılı olduğunu gizlətmirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, Samvel Babayan tərəfindən başladılan imza toplanışı Dağlıq Qarabağda başa çatıb. Amma Babayan komandası sənədləri MSK-ya təqdim etməyə tələsmir və tezliklə təqdim edəcək. Sənədlərin təqdim edilməsi üçün qanuni müddət sona çatmayıb və bu müddət ərzində təşəbbüs üzvləri imzaları olan sənədlərə düzəlişlər də edə bilir. 17-18 min imzanın MSK-ya təqdim olunması gözlənilir ki, bu da qanuni və prosedur baxımından MSK tərəfindən təsdiqlənməlidir.

Nəşr qeyd edir ki, bundan sonrakı addımlar barədə Babayanın ofisində susqunluq var və hətta gizlədilmir də ki, Nikol Paşinyanın Dağlıq Qarabağa gözlənilən səfərindən çox şey asılıdır. Babayan hətta bir əvvəl də bəyan etmişdi ki, onun Dağlıq Qarabağda siyasi aktivliyi Nikol Paşinyanın qərarından asılıdır və öz siyasi aktivliyinin gələcəyi barədə bu gün Paşinyanın son mövqeyini gözləyir.

Görünür, demokratiya adı altında Paşinyan diktaturası özünü biruzə verməyə başlayıb. İmza toplandıqdan sonra belə bu dırnaqarası demokratın rəyi, fikri gözlənilirsə, ölkədə hərhansı demokratiyadan, söz, fikir azadlığından söhbət gedə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə