Paytaxtımız "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalına uğurla ev sahibliyi etdi
Azərbaycan və paytaxt Bakımız XV Avropa Gənclər Olimpiya Festivalının həyəcan və sevincini yaşadı. Festivalın maraqlı açılış və bağlanış mərasimləri dünya miqyasında Azərbaycanın tarixi, müasirliyi, irsi və mədəniyyəti ətrafında yüksək fikirləri daha da dərinləşdirdi. Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi. Təbii ki, ölkənin beynəlxalq aləmdə tanınmasında, yetişən nəslin sağlam inkişafında önəmli vasitələrdən biri olan idmana da dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Azərbaycanda idmanın inkişafına təkan olan maddi-texniki baza da yaradılıb. Ölkəmizdə, xüsusilə, son 16 ildə tikilən olimpiya idman kompleksləri və təlim-məşq bazaları idmanın inkişafına xidmət edir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də, beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Bakı və eləcə də, digər şəhərlərimiz bu yarışları yüksək səviyyədə təşkil edərək, Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərirlər.
AZƏRBAYCAN İDMAN TARİXİNƏ DAHA BİR SƏHİFƏ YAZMIŞ OLDU
Dünyanın 7 gün ərizində izlədiyi XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı. Bu, Azərbaycan idman tarixinə daha bir səhifə yazmış oldu. Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. İlk onluqda İtaliya (8-9-9), Ukrayna (8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.
Bildiyimiz kimi, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiri olan bu festival Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir.
"Zirvələrə hazırıq" devizi altında paytaxtımızda keçirilən "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində davam edib.
Xatırladaq ki, 2021-ci ildə növbəti - XVI Festival Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.
XV AVROPA GƏNCLƏR OLİMPİYA FESTİVALINI YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL ETMƏKLƏ AZƏRBAYCAN İDMAN ÖLKƏSİ OLDUĞUNU BİR DAHA NÜMAYİŞ ETDİRDİ
Beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da yüksək səviyyədə təşkil etmişdi. Uğurları ilə tanınan ölkəmiz XV Avropa Gənclər Olimpiya Festivalının təşkilində tarixə yeni imzasını atdı. Festivalın canlı şahidi olmaq üçün ölkəmizə gələn əcnəbilər Azərbaycan mədəniyyətinin, xalqımızın qonaqpərvəliyinin, paytaxtın gözəlliyinin, insanların mehribanlığının, şəhərin sakitliyinin, gözəlliyinin şahidinə çevrildilər. Bakının olduqca gözəl tarixi və müasir binaları uzun müddət yaddaşlardan silinməyəcək. Xalqımızın tolerantlığı, sülhsevərliyi və qonaqpərvərliyi dünyaya bir daha nümayiş etdirildi.
Milyonlarla idman həvəskarının böyük maraqla gözlədiyi XV Avropa Gənclər Olimpiya Festivalı dünya miqyasında cəlbedici bir ölkə ilə daha yaxından tanışlıq üçün bir daha yollar açdı. Yeddi gün ərzində gərgin mübarizə və dostluq şəraitində keçən XV Avropa Gənclər Olimpiya Festivalını yüksək səviyyədə təşkil etməklə, Azərbaycan idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Avropa Gənclər Olimpiya Festivalı gənclərin bayramıdır və festivalın ərsəyə gəlməsində yardımçı olmuş üç min beş yüz könüllünün də rolu var.
Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan festival çərçivəsində yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı.
Bununla da, Azərbaycan daha bir mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi etdi. Bu mötəbər idman turnirinin uğurlu təşkilini təmin edən mühüm amillərdən biri, son illər, Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. 2015-ci ildə tarixdə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, son bir neçə ildə "Formula-1" Qran-Prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da müvəffəqiyyətlə təşkil etməklə, bir daha dünyanın diqqət mərkəzinə çevrildi.
Əlbəttə ki, paytaxt Bakıda beynəlxalq yarışların keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlərin görülməsi iqtisadi gücümüzə və dinamik inkişafa söykənir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB