Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb. Xatırladaq ki, bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Sona Əliyeva deyib ki, ölkə başçısının sözügedən sərəncamı iki ölkənin yaxşı münasibətləri fonunda çox əhəmiyyətli və müsbət addımdır: “Bu həm də iqtisadi, təhsil əməkdaşlığı baxımından çox səmərəlidir. Çünki iş adamlarının Azərbaycana səfərlərini, təhsil məqsədləri üçün ölkəmizə gələnlərin işini daha asan və sərfəli edir. Turistlər üçün də həmçinin, müsbət şərait formalaşır. Baxmayaraq ki, azərbaycanlılar Türkiyədə istirahətə daha çox maraq göstərirlər, türklər də ölkəmizə daha çox gəlməyə can atacaqlar. Əsas isə odur ki, artıq Azərbaycan və Türkiyə bütün sferalarda əməkdaş, strateji tərəfdaş, ən əsası dost ölkə olmaları ilə bağlı bütün addımları atıblar. Bizi ortaq tarix, mədəniyyət, dil, din, dostluq, qardaşlıq və ümumi maraqlar birləşdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB