"Azərbaycan artıq dünyanın mərkəzinə çevrilə bilib" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan artıq dünyanın mərkəzinə çevrilə bilib" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycanın XV Avropa Gənclər Olimpiya Festivalı kimi idman yarışlarına ev sahibliyi etməsi artıq bir sistem halını alıb". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədr müavinin sözlərinə görə, dünyanın ən böyük və diqqət çəkən idman yarışları - istər Formula-1 olsun, istərsə də ayrı-ayrı idman yarışları məhz Azərbaycanda keçirilir: "Məlumdur ki, bu cür idman yarışlarının keçirilməsi üçün ölkələrdən üç mühüm şərt tələb olunur. Bu şərtlərdən birincisi ölkədə infrastrukturun olmasıdır. Əgər bu qədər beynəlxalq tədbirlər keçirilirsə deməli, Azərbaycandakı infrastruktur buna cavab verir. İkinci mühüm şərt ölkədə təhlükəsizliyin olmasıdır. Yəni idmançıların gəlməsi, sağ-salamat geri qayıtmaları və yarışlar keçirmələri üçün təhlükəsiz mühit olmalıdır. Bu çox mühüm bir məsələdir. Azərbaycan təhlükəsiz ölkə olduğu üçün və insanların təhlükəsizliyinə təminat verdiyi üçün də məhz bu cür yarışlar ölkəmizdə keçirilir. Üçüncüsü, ölkənin özünün müəyyən maddi imkanlarının olmasıdır. Şükürlər olsun ki, Azərbaycan bunun öhdəsindən gəlir. Məsələ ondadır ki, təkcə idman yarışları deyil, biz diqqət etsək görərik ki, idman yarışları ilə paralel olaraq Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və görüşlərə, hümanitar aksiyalara baxaq. Bakı Hümanitar Forumu, Dinlərarası Dialoq Forumu və s. kimi müxtəlif tədbirlərin Azərbaycanda keçirilməsi onu göstərir ki, ölkəmiz qlobal tədbirlərə ev sahibliyi kimi artıq legitimləşib. Beləcə hər kəs çalışır ki, öz tədbirlərini Azərbaycanda keçirsin. Bununla yanaşı üçüncü bir formatda var. Üçüncü format dünyanın hərbi güclərinin neytral ölkə olaraq dialoq seçimi üçün Azərbaycanı seçmələridir. Bu addımlar onu göstərir ki, Azərbaycan artıq həm infrastruktur, təhlükəsizlik, həm də tədbirlərin təşkilinə özü dəstək vermək baxımından dünyanın bir mərkəzinə çevrilə bilib. Təbii ki, bu böyük uğurdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə