Ermənistan ordusunun acınacaqlı halı göz önündədir ANALİTİK

Ermənistan ordusunun acınacaqlı halı göz önündədir ANALİTİK

Larisa Alaverdyan: “Hərbi qulluqçunun ölümü ilə nəticələnən faciələr asyberqin ən yüksək zirvəsidir”

Ermənistan silahlı qüvvələrində baş verən”dedovşina” hallarının qarşısı alınmayıb və bunu ölkənin birinci ombudsmanı olan Larisa Alaverdyan da təsdiq edir. Belə ki, son günlər ordu daxilində baş verən qətl və ölüm halları da belə deməyə zəmin yaradır ki, hətta “məxməri inqilab” deyilən siyasi şoudan sonra, baş nazir postuna yiyələnmiş Nikol Paşinyan sözügedən məsələdə acizdir, ordu daxilində davam edən qanunsuzluqların qarşısını ala bilmir.

“Ordu çox incə orqanizimdir və hərbçilər arasında şəxslərarası münasibətlərdə kök salmış qanundan kənar hərəkətlər, silahlı qüvvələrin psixoloji cəhətdən yaxşılaşmasına xidmət edə bilməz”

SİA news.am-a istinadən xəbər verir ki, “Hüquqi qanunsuzluqlara qarşı” ictimai təşkilatın sədri, sabiq ombudsman L.Alaverdyanın sözlərinə görə, Ermənistan hakimiyyəti silahlı qüvvələrdə yaranmış və hərbi xidmətə heç bir aidiyyatı olmayan qanunsuz əməllərə qarşı ciddi iş aparmalıdır. Əks halda, ordu daxildən böhranlı vəziyyətə düşə bilər. “Ordu çox incə orqanizimdir və hərbçilər arasında şəxslərarası münasibətlərdə kök salmış qanundan kənar hərəkətlər, silahlı qüvvələrin psixoloji cəhətdən yaxşılaşmasına xidmət edə bilməz”, deyən Alaverdyan hesab edir ki, işlər də məhz bu istiqamətdə aparılmalıdır. SİTAT: “Baxmayaraq ki, beynəlxalq ekspertlər Ermənistan silahlı qüvvələrində insidentlərin cüzi azaldığını deyirlər, lakin bununla kifayətlənmək olmaz, hər bir həyat bizim üçün qızıla bərabərdir”.

Hüquq müdafiəçisi ictimai rəyin də hərbi xidmət yerlərində baş verən qanunsuzluqlara qarşı sərt münasibət bildirməli olduğunu deyib. “Hərbi qulluqçunun ölümü ilə nəticələnən faciələr asyberqin ən yüksək zirvəsidir”, deyən erməni hüquq müdafiəçisi qeyd edib ki, bu məsələ digər bənzər halların da baş verməsinə zəmin yaradır: “Ona görə də hər bir hadisə belə sübut edir ki, sistemdə problem var”.

Ölüm hadisəsindən sonra Valodya Qaloyanın qətlə yetirmək istədiyi, lakin nail olmadığı starşina saxlanılıb və onun sıravi əsgərdən qisas aldığı qeyd olunub

Yeri gəlmişkən xatırladaq ki, iyulun 23-də, Ermənistanın ön xəttə yerləşən “N” saylı hərbi hissəsində, saat 22:55 radələrində həqiqi hərbi xidmətdə olan sıravi Volodya Qaloyan hərbi hissənin starşinasını AK-74 avtomat silahı ilə qətlə yetirməyə cəhd edib. O, qarşı tərəfə atəş açsa da, güllə hədəfə dəyməyib. Bundan sonra isə, Qaloyan silahı götürərək, ön xətti mövqeyini tərk edib. Artıq iyulun 24-də onun cansız bədəni saat 04:20 radələrində hərbi hissənin müşahidə nöqtəsindən 50 metr aralıda tapılıb. Onun başından güllə yarası alaraq öldüyü bildirilir. Ölüm hadisəsindən sonra Valodya Qaloyanın qətlə yetirmək istədiyi, lakin nail olmadığı starşina saxlanılıb və onun sıravi əsgərdən qisas aldığı qeyd olunub.

Bu kimi hadisələr isə artıq davamlı xarakter alıb və Ermənistan ordusunun hansı vəziyyətdə olduğunu kifayət qədər sübuta yetirir.

“Global Firepower” təşkilatına görə, Ermənistan ordusu 12 pillə geriləyərək, 96-cı yerdə qərarlaşıb, Azərbaycan Ordusu isə, irəliləyərək, 52-ci yerə sahibdir!

Yeri gəlmişkən, daha bir faktı da xatırlamaq olar. Belə ki, “Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. Sorğunun nəticəsinə görə, Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib. Cənubi Qafqaz ordularından Gürcüstan 85-ci, Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb. Bu reallıq da sübut edir ki, işğalçı Ermənistanın silahlı qüvvələri heç bir halda irəliləyə bilmir və hər il bu məsələdə geriləyir. Yəni görünən budur ki, Erməni silahlı qüvvələrinin zəifləməsi həm də ordu daxilindəki qanunsuzluqlar və psixiki böhranın məntiqi nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU



Bütün xəbərlər Facebook səhifəmizdə