Elçin Mirzəbəyli: “Azərbaycan türklərinin dəstəkləməyəcəyi hər hansı bir prosesin İranda reallaşması qeyri-mümkündür”
Misirdəki xalq qiyamını dəstəkləyən İran rejimi bu gün Misirlə həmrəylik yürüşünün keçirilməsini nəzərdə tutan müxalifətə təzyiqi artırır. SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi "qeyri-qanuni" olduğu iddiası ilə müxalifətin fevralın 16-na planlaşdırdığı nümayişə icazə verməyib. Hökumət hesab edir ki, Qərbin kəşfiyyat xidmətləri özünü Tehranda yandıracaq birini axtarmaqla Tunis və Misirdəki hadisələrin İranda da baş verməsini hədəfləyir. Ancaq İran müxalifəti "Kaleme.com" internet saytından müxalifət lideri Mehdi Kerrubinin keçən həftə ev dustağı edilməsinə və 18 fəalın həbs olunmasına baxmayaraq Tehrandakı Azadi meydanında nəzərdə tutduğu yürüşdən imtina etmədiklərini açıqlayıb. Müxalifət Misir və Tunisdəki rejim əleyhdarı etirazlara dəstək verdiyi halda özlərinin həmrəylik yürüşünə icazə verməyən hökuməti ikiüzlülükdə günahlandırıb. Bir çox qərbli ekspertlər isə Orta Şərqdə baş verən proseslərin İranda da başladığını iddia edir. Onlar hesab edir ki, Qərbin istəyi İranda daha teş reallaşa bilər. Çünki Misirdəki hadisələrlə bağlı dünyanın bir sıra iri dövlətləri ilk öncə neytral mövqe sərgiləsələr də İranın əleyhinə formalaşan birlik uzun müddətdir ki, bu rejimin tarixə keçməsini istəyir. Tehran rejiminin hərbi yolla devrilməsi həmişə gündəmdə olsa da, ekspertlər hesab edir ki, Vaşinqton xalq qiyamı versiyasını heç vaxt gündəmdən çıxarmayıb. İraq və Əfqanıstan müharibələrində də ABŞ-ın yetərincə zərər gördüyü məlumdur.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, İrandakı aktivliyi Orta Şərqdəki hadisələr müstəvisindən şərh etmək düzgün olmazdı. İran ictimaiyyətinin rejimdən kəskin dərəcədə narazı olduğunu bildirən politoloq qeyd edib ki, bu narazılıq son prezident seçkisində də özünü büruzə verdi: "Bir fərq ondan ibarət idi ki, ölkədə etnik çoxluğu təşkil edən azərbaycanlılar bu prosesi dəstəkləmədilər. İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi, Mehdi Kərrubi və başqaları da faktiki olaraq bu rejimin içərisindən çıxan və İranda totalitar bir idarəetmə üsulunu yaradan insanlar idi. İndiki şəraitdə aktivliyin müşahidə olunması üçün bir neçə zəmin var. Birincisi, İran bu gün dünyada insan haqlarını ən çox pozan və beynəlxalq hüquqa ən çox hörmətsizlik edən bir dövlətdir. Digər tərəfdən ölkədə sosial problemlərin gündən-günə artması və rejimin sistemi qoruyub saxlamaq üçün təzyiqləri artması əks reaksiyalar doğurur. İnsanlar təbii ki, rejimə etirazlarını kəskin şəkildə bildirməyə çalışırlar. Çox güman ki, Misir və Tunisdəki hadisələr İrana müəyyən təsir göstərə bilər. Ancaq bu proseslər İranda çoxdan gedir və faktiki olaraq rejimin sıradan çıxarılması fikri cəmiyyətdə çoxdan formalaşıb. İranda çoxluğu təşkil edən azərbaycanlılar, eləcə də digər xalqlar islam pərdəsi altında insanların ən adi hüquq və azadlıqlarını pozan, terroru və antihumanist bütün prosesləri dəstəkləyən, heç bir dini-mənəvi əxlaqı olmayan bir rejimin yox edilməsini çoxdan istəyir".
E.Mirzəbəyli söyləyib ki, azərbaycan türklərinin dəstəkləməyəcəyi hər hansı bir prosesin İranda reallaşması qeyri-mümkündür: "Fars rejiminin yürütdüyü siyasətə qarşı azərbaycan türkləri 2006-cı ilin may ayında etiraz səsini ucaldanda digər xalqlar, xüsusən farslar dəstək vermədilər. İndiki şəraitdə isə rejimin müəyyən qədər dəyişərək mahiyyətini qorunub saxlanmasına istiqamətlənən addımlara azərbaycan türkləri dəstək vermədilər. Hesab edirəm ki, İranda iki proses yanaşı gedəcək. Bunlardan birincisi İranda yaşayan bütün xalqların mövcud rejimi dəyişdirmək istəyindən doğan prosesdir. Digəri isə milli-azadlıq hərəkatlarıdır. Çox güman ki, bu iki istiqamətli prosesin yaxın zamanlarda şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB