Mübariz Əhmədoğlu: "Paşinyanın sülhə hazırlığı yubatması İcevan hadisələrinin əsas səbəbidir"
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın işğalçı dövlətin dağıdıcısı kimi tarixə düşəcəyini bildirib və qeyd edib ki, İcevan Tavuş vilayətinin əsas mərkəzlərindən biridir: "Uzun müddət bu vilayət Azərbaycan Respublikasının Qazax və Tovuz rayonları ilə çox sıx iqtisadi əlaqədə olub. Ermənistanın həmin regionlardakı əhalisinin əsas yaşayışı, məhz Azərbaycanın Tovuz və Qazax rayonlarının əhalisinin hesabına təmin olunurdu. İcevan və Tavuş vilayətinə daxil olan digər şəhərlərin və rayonların əhalisi bunu çox gözəl xatırlayırlar. Nikol Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində xalqların sülhə hazırlanmasına razılıq verdikdən sonra Ermənistanın İctimai Televiziyası Tavuş rayonunun Voskepat kəndi ilə Tovuz rayonunun Əlibəyli kəndinin sovet dövründəki xoş əlaqələrinə dair verilişlər nümayiş etdirdi. İcevanda yaxınlarda baş verən sosial qiyamın kökü də o vaxt qoyuldu. İcevanda baş verənlərə təkcə sosial qiyam kimi yanaşmaq düzgün deyil, o, ciddi planlaşdırılmış siyasi təxribat aksiyasıdır. Birinci ağla gələn məqam İcevanın N.Paşinyanın doğma yurdu olmasıdır. N.Paşinyanın öz doğma şəhəri də azərbaycanlılarla çox sıx əlaqədə olub. İndi İcevanda aksiya keçirən polislərin bu aksiyanı 90-cı illərin əvvəlindəki "Həlqə" əməliyyatına bənzətmələri və yerli əhaliyə hücum edərkən, onları "türk" adlandırmaları göstərir ki, bu, sadəcə, bir qrup meşədə odun yığanın neytrallaşdırılması və yaxud zərərsizləşdirilməsi məsələsi deyil. Bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın daxilindəki müxtəlif qruplar arasında gedən mübarizənin nəticəsidir".Politoloqun sözlərinə görə, N.Paşinyan qeyri-müəyyən mövqeyi ilə İcevan tipli hadisələri daha da sürətləndirəcəkdir: "Bir tərəfdən, xalqları sülhə hazırlamaq, digər tərəfdən kasıb və perspektivsiz ölkədə hərbi inkişafı prioritet elan etmək bir araya sığan məsələlər deyil. Yerevan Dövlət Universiteti və yaxud digər ali məktəblərin elm, İT sahəsində yaxşı uğurlu nəticələr göstərə bilən xeyli məzunları var. N.Paşinyan bu ali məktəblərin buraxılışında tələbələrlə görüşdən imtina edir, hərbi ali məktəblərin məzunları ilə görüş keçirir və Ermənistanın gələcəyinin, məhz onların üzərində qurulduğunu nümayiş etdirir. Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin pozulması daxili mübarizənin kəskinliyinin əlamətidir. Atəşkəs rejiminin pozulmasının artması daha çox ehtimal edilir".
M.Əhmədoğlu onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın daxilində gedən mübarizədə N.Paşinyan uduzan şəxsə daha çox bənzəyir: "Onun Dağlıq Qarabağ münaqişəsindəki ikibaşlı, qeyri-müəyyən oyunları, tənzimlənməni yubatması Ermənistanda baş verənləri yeni keyfiyyət məcrasına çıxarıb. O cümlədən, Dağlıq Qarabağ ermənilərinin daxilində baş verənlər heç də, ümumilikdə, Ermənistan dövlətinin və xalqının maraqlarına uyğun deyil. N.Paşinyanın Ermənistan dövlətinin dağıdıcısı kimi tarixə düşmək ehtimalı, getdikcə, daha da artır".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB