Cümşüd Nuriyev: “Azadlıq” qəzeti ABŞ səfirliyinin azərbaycandilli orqanıdır”

Cümşüd Nuriyev: “Azadlıq” qəzeti ABŞ səfirliyinin azərbaycandilli orqanıdır”

ABŞ Azərbaycandakı vətəndaşlarını terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, bu ABŞ-ın növbəti təxribatıdır.

ABŞ-ın Tunisdə də belə bir metoddan istifadə etdiyini deyən ekspert hesab edir ki, terror xəbərdarlığı İsrail və ABŞ arasında razılaşdırılmış məsələdir: "Hər iki ölkə əvvəlcədən nəzərdə tutur ki, hər hansı bir terror aktı baş versə, bunu İranın üstünə yıxacaqlar. Hesab edirəm ki, Azərbaycan mediası bu məsələni diqqətdə saxlamalıdır, insanlar maarifləndirilməlidir. Təəssüflər olsun ki, Azərbaycan müxalifəti bunu xüsusi sevinclə gündəmə gətirir. "Yeni Müsavat" qəzeti yazır ki, Azərbaycan İranı şərləyəcək. Masallıda baş verən hadisə ilə bağlı əvvəlcədən dedilər ki, bu İranın işidir. Sonradan məlum oldu ki, hadisənin İranla heç bir əlaqəsi yoxdur. Bu tip məsələlərin gündəmə gəlməsi bir qədər narahatlıq doğurur".

C.Nuriyev qeyd edib ki, bu xəbərdarlıq Azərbaycanı nüfuz dairəsinə daxil olmaq istəyən ABŞ-ın bu istiqamətdə növbəti addımıdır: "Onsuz da ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginlik var. ABŞ bu gərginliyi öz xeyrinə dəyişməklə, bir növ şantaj etməklə məşğuldur. Azərbaycan ərazisində hər hansı bir hadisənin baş verməsini təbii ki, kimsə istəməz. Bununla belə dünyanın heç bir dövləti terrordan sığortalanmayıb. 11 sentyabr hadisəsi öncəsi də ABŞ elan etmişdi ki, terror aktını gözləyirlər. Elə isə qabaqlayıcı tədbirlər niyə görmədilər? Ona görə ki, bu terror aktı onlara lazım idi, Əfqanıstanı və İranı işğal etmək üçün. Bu baxımdan terror xəbərdarlığı Azərbaycanı siyasi baxımdan ələ keçirmək istəyən bir dövlətin təxribatından başqa bir şey deyil. Ona görə, media məsələyə məhz bu baxımdan yanaşmalıdır".

Azərbaycanda başqa bir dövlətin kəşfiyyat orqanları tərəfindən terror aktı törədilsə belə, ABŞ və İsrailin bunu yenə İranın ayağına yazacaqlarını deyən siyasi ekspert qeyd edib ki, İran neftini ələ keçirmək istəyən ABŞ Azərbaycandan vasitə kimi istifadə etmək niyyətindədir: "ABŞ İran-Azərbaycan münasibətlərinin gərginləşməsindən istifadə etmək istəyir. ABŞ-ın məqsədi odur ki, nüfuz dairəsindən çıxan ölkələri yenidən nüfuzuna daxil etsin. ABŞ-ın istədiklərini isə birinci növbədə "Azadlıq"qəzeti yazır. ABŞ Azərbaycandakı səfirliyindən nə məlumat çıxırsa, birinci "Azadlıq" çap edir. Bu qəzeti ABŞ səfirliyinin Azərbaycan dilindəki orqanı desək, səhv etmərik. Qəzet öz saytında informasiya yerləşdirib ki, İlham Əliyevin əleyhinə mitinqlərə çıxıb onun istefasını tələb edərsinizmi? Bizim hüquq-mühafizə orqanları hara baxır? Ən azından elektron informasiya vasitələrinə baxanlar buna nəzarət etməlidirlər. Bu dövlət çevrilişinə çağırış deyilmi? Hesab edirəm ki, bu məsələ ilə bağlı ölçü götürülməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə